III Çarlz Trampa deyir: “Siz bu yaxınlarda demişdiniz ki, əgər ABŞ olmasaydı, Avropa ölkələri indi alman dilində danışardı. Əgər biz olmasaydıq, siz indi fransız dilində danışırdınız...”
İki məqama diqqət yetirmək istəyirəm.
Əvvəla, hər ikisi mənşəcə almandır.
Digər tərəfdən isə XI əsrdən XIV əsrədək isə Britaniyanın rəsmi dili elə fransız dili olub. Belə ki, 1066-cı ildə normanlar İngiltərəni istila edəndən sonra istilaçı elitanın dili fransız, sadə xalqın dili isə ingilis dili olub (ingilis dilini də bura V əsrdə german tayfaları gətirmişdi, onadək müxtəlif dillərdə danışırdılar, əsasən kelt dilində). Yalnız Fransa ilə Yüzillik müharibə başlayanda əslən fransız olan Britaniya kralları fransız dilindən imtina etdilər və ingilis dili hökmran oldu. XVIII əsrdən isə Britaniyada alman mənşəli sülalə taxta çıxdı. Yeri gəlmişkən, ingilis və alman dili eyni dil qrupuna - German dilləri qrupuna daxildir. Necə ki, məsələn, Azərbaycan və türk dili Türk dilləri qrupuna aiddir...
P.S. Göründüyü kimi, bizdən fərqli olaraq, ingilis və amerikanlar demir ki, əşşi, hamımız germanıq, dilimiz də german (alman) dilidir. Onlar üçün ingilis dili və alman dili əlahiddə dillərdir. Fransız dili ilə də xeyli yaxınlıq olsa da, əlahiddə dil kimi qəbul edirlər. Amma bu mövzuda zarafat etməyi də bacarırlar, çünki genetik olaraq hamısı biri-birinə o qədər qarışıb ki, indi heç bilinmir kimin kökü ingilis, alman, yoxsa fransız olub...
Bizdə isə bəziləri inadla deyir ki, yox-ee, dilimiz türk dilidir. Halbuki, dilimizin sözlərinin azı 60%-i ərəb-fars mənşəlidir. Genetik olaraq da o qədər qarışmışıq ki, indi heç kəs dəqiq bilmir ki, kökü ərəbdir, farsdır, türkdür, yoxsa hansısa yerli etnik azlığa aiddir.
Yeri gəlmişkən, XI əsrdə fransızlar Britaniyanı, türklər isə İranı və Azərbaycanı istila etmişdi. Amma türk dili dövlət dili ola bilmədi, yalnız istilaçı elitanın daxili dili kimi qaldı. Sonradan isə İranın dili fars dili qaldı, bizim dilimiz isə Rusiya istilası nəticəsində türk kökənli Azərbaycan dili oldu.
Təmiz dil, təmiz millət və s. axtarmaq əbəsdir. Hazırda mövcud olan millətlər tarixin gedişatının, bəzən isə hətta qismən təsadüfün məhsullarıdır. Əsas olan odur ki, hər bir dövlətin indi öz dili var və milləti birləşdirən də budur. Kimin genetikası nə cür olubsa olsun. Buna görə də alman mənşəli Britaniya kralı və ABŞ prezidenti üçün ana dili ingilis dilidir və alman və ya fransız dillərini yad hesab edirlər. Bizim üçün də ərəb, fars və türk dili yaddır artıq. Öz dilimiz, öz millətimiz, öz dövlətimiz var...
Əkrəm Həsənov, hüquqşünas