ABŞ-nin Tennessi ştatında yerləşən daha bir infrastruktur obyektinə Prezident Donald Trampın adı verilib.
News365.az xəbər verir ki, Frenç-Brod çayı üzərində, "Interstate 40" magistralının üzərində yerləşən körpü bundan sonra rəsmi olaraq "Prezident Donald C. Tramp Körpüsü" adlanacaq.
Yeni yol nişanlarının təqdimat mərasimi iyulun 9-da Noksvill yaxınlığındakı Dendric şəhərində keçirilib. Tədbirdə ABŞ-nin maliyyə naziri Skott Bessent, Tennessi ştatının rəsmiləri və Tramp ailəsinin üzvləri iştirak ediblər. Donald Tramp mərasimə qatılmasa da, onu bacısı Elizabet Tramp Qrau və gəlini Enn Mari Tramp təmsil edib.
Mərasimdə çıxış edən Skott Bessent Trampın ABŞ-nin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək, körpünün onun adını daşımasının layiqli qərar olduğunu bildirib. Artıq körpünün hər iki giriş hissəsində "President Donald J. Trump Bridge" yazılmış yeni lövhələr quraşdırılıb.
Həmin gün Florida ştatındakı Palm-Biç Beynəlxalq Hava Limanının da rəsmi adının "Prezident Donald C. Tramp Beynəlxalq Hava Limanı" olaraq dəyişdirildiyi bildirilib. Yeni adın qüvvəyə minməsindən sonra hava limanına enən ilk təyyarə Tramp ailəsinə məxsus şəxsi təyyarə olub.
Qeyd edək ki, son illərdə Donald Trampın adı müxtəlif federal proqramlara, eləcə də "Trump Accounts" adlı investisiya hesablarına da verilib.