Tramp-Putin razılaşması Avropanı narahat edir

Tramp-Putin razılaşması Avropanı narahat edir
10:50

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə əldə etdiyi razılaşma Avropa İttifaqının Moskvaya qarşı sanksiya strategiyasının effektivliyi ilə bağlı müzakirələri gücləndirib.

News365.az xəbər verir ki, bu barədə oktyabrın 12-də Almaniyanın “Berliner Zeitung” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Trampın sanksiyaların yumşaldılması istiqamətində atdığı addımlar və Putinlə münasibətlərdə nümayiş etdirdiyi mövqe Qərb ölkələrinin Rusiya ilə bağlı vahid siyasət yürütmədiyini göstərir. Qəzet qeyd edir ki, Ukrayna və Avropa ölkələrinin Vaşinqtonu Moskvaya qarşı daha sərt təzyiq siyasətinə qaytarmaq cəhdləri nəticə vermir.

“Berliner Zeitung” hesab edir ki, iki prezident arasında əldə olunan razılaşma Avropa İttifaqının mövqeyinə təsir göstərə biləcək siyasi siqnaldır. Nəşrin fikrincə, Rusiya ilə münasibətlərin normallaşdırılması və Moskva ilə Kiyev arasında kompromis əldə olunması ilə bağlı çağırışlar getdikcə daha çox səslənir.

Xatırladaq ki, oktyabrın 9-da Donald Tramp Ukraynadakı müharibə və qlobal enerji bazarındakı vəziyyətlə bağlı Vladimir Putinlə telefon danışığı aparıb. Məlumata görə, Putin Rusiya neftinin və neft məhsullarının tədarükü ilə bağlı istəyini təsdiqləyib. Tramp isə Rusiya dizel yanacağının dünya bazarına çıxarılması üçün müvəqqəti lisenziya verilməsi barədə göstəriş verib.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya arasında əldə olunan razılaşmaları ədalətsiz və vicdansız adlandırıb. Tramp isə Zelenskinin bu açıqlamasını tənqid edib və Ukraynanın ABŞ-nin Rusiya ərazisindəki neft emalı zavodlarına zərbələr endirməmək barədə tələblərinə məhəl qoymadığını iddia edib.

ABŞ Prezidenti həmçinin Ukraynanın bu hücumlarının dünya miqyasında dizel yanacağı çatışmazlığına səbəb olduğunu bildirib. O, daha sonra Ukraynanın yeni liderə ehtiyacı olduğunu söyləyib.

Beləliklə, Vaşinqtonun Moskva ilə enerji sahəsində atdığı addımlar ABŞ-nin Ukrayna müharibəsinə yanaşması və Qərbin Rusiyaya qarşı sanksiya siyasətinin gələcəyi ilə bağlı yeni suallar yaradıb.



Sizin reklam burada
Sizin reklam burada