“Amerika Birləşmiş Ştatları Ukraynaya göstərdiyi siyasi, hərbi və digər yardımların həcminə görə dünyada birinci yerdədir. Beynəlxalq hüquqda bu, münaqişənin tərəfi və benefisiarı kimi qiymətləndirilə bilər. Bu baxımdan, hüquqi müstəvidə ABŞ-ın danışıqlarda iştirakının özü də mübahisəli məsələdir. Çünki Vaşinqton Ukraynanı silahlandırır və obyektiv, yaxud subyektiv baxımdan münaqişənin tərəfi hesab oluna bilər”.
Bunu News365.az-a politoloq Elçin Alıoğlu deyib.

Politoloq bildirib ki, buna baxmayaraq, reallıq nəzərə alınarsa, ABŞ-ın iştirakı olmadan dayanıqlı və möhkəm sülhün əldə olunması, eləcə də Ukraynanın təhlükəsizliyinin təmin edilməsi mümkün deyil:
“Bu baxımdan, ABŞ-ın danışıqlarda iştirakı vacib və zəruridir. Rusiya məlum olduğu kimi, işğalçı tərəfdir və öz şərtlərini irəli sürür. Lakin Avropa İttifaqının və ya NATO-nun bu danışıqlarda hansı hüquqi kateqoriyada, hansı hüquqi subyekt və ya obyekt qismində iştirak etməsi mübahisəli məsələdir.
İlk olaraq, İstanbulda keçirilən danışıqların raundunda Avropa iştirak etməyib və prosesdən kənarda qalıb. Daha sonra Əbu-Dabi, Manama, Maskat və digər platformalarda, müxtəlif ölkə və şəhərlərdə aparılan müzakirələrdə də Avropa iştirak etməyib. Bununla bağlı ona hər hansı müraciət də olunmayıb.
İndi isə Ukraynanın danışıqlardakı mövqelərinin zəiflədilməsi fonunda, ABŞ-ın Rusiyaya dəstək verməsi məsələsi gündəmə gəlir. Bu, reallıqdır. Avropanın prosesdə əsas fiqur kimi çıxış etməsi isə nə ABŞ-ın, nə də Rusiyanın razılığı ilə qarşılanır. Ukrayna isə Avropanı özünə arxa və etibarlı tərəf kimi görərək danışıqlara cəlb etmək istəyir”.