TikTok süni intellekt sahəsində savadlılığın artırılması, süni intellektlə yaradılmış və ya dəyişdirilmiş məzmunun şəffaflığının təmin edilməsi və süni intellekt əsaslı spamla mübarizəyə yönəlmiş yeni qlobal təşəbbüslərini açıqlayıb.
Platformadan bildirilib ki, məqsəd dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda istifadəçilərin süni intellektdən daha təhlükəsiz, inamlı və məsuliyyətli şəkildə istifadəsinə dəstək olmaqdır.
TikTok bu istiqamətdə maarifləndirici layihələr, yeni texnologiyalar və tərəfdaşlıq proqramlarına investisiyaları davam etdirir. Platforma istifadəçilərə süni intellektlə hazırlanmış məzmunu tanımaq, generativ modellərin iş prinsipini anlamaq və bu texnologiyalardan yaradıcı ideyalarını həyata keçirmək üçün düzgün istifadə etmək imkanları yaratmağa çalışır.
TikTok media savadlılığı üzrə NAMLE assosiasiyası və süni intellekt üzrə ekspert Henri Ayderlə əməkdaşlıq çərçivəsində istifadəçilər üçün süni intellekt alətlərindən məsuliyyətli istifadəyə dair yeni bələdçi də hazırlayıb.
Azərbaycandan olan kontent yaradıcıları da təşəbbüsə qoşulub. Səlbi İmanova (@dailybaku) istifadəçilərin tövsiyələr lentində süni intellektlə yaradılmış məzmunun həcmini necə tənzimləyə biləcəyini izah edib. Texnologiya mövzusunda kontent hazırlayan Taleh Nəzərli (@talehnazarli) isə süni intellektlə yaradılmış məzmunu adi kontentdən fərqləndirməyin yollarından və belə videoların xüsusi etiketlə işarələnməsinin əhəmiyyətindən danışıb.
Platforma həmçinin NoFiltr və Raspberry Pi Foundation kimi müstəqil ekspert və təşkilatlarla əməkdaşlığı davam etdirir. 2025-ci ilin noyabrında başladılan proqram çərçivəsində süni intellekti daha yaxşı anlamağa və ondan məsuliyyətli istifadə etməyə yönəlmiş məzmun 200 milyondan çox baxış toplayıb. TikTok bu təşəbbüsün inkişafına indiyədək 4 milyon ABŞ dollarından çox vəsait ayırıb.
Bundan əlavə, şirkət süni intellektlə hazırlanmış spam məzmunu kütləvi şəkildə paylaşan hesabların aşkarlanması üçün yeni sistemləri sınaqdan keçirir. Məqsəd orijinal məzmun yaradıcılarını dəstəkləmək və platformada istifadəçi etimadını qorumaqdır.
TikTok-un məlumatına görə, Content Credentials sistemi, müəlliflərin məzmunu işarələməsi üçün alətlər və rəqəmsal su nişanı texnologiyası vasitəsilə platformada artıq 3 milyarddan çox video süni intellektlə yaradılmış məzmun kimi işarələnib.
TikTok iki il əvvəl C2PA tərəfindən hazırlanmış Content Credentials sistemini tətbiq edən ilk video platforması olub. Şirkət hazırda C2PA-nın Rəhbər Komitəsində təmsil olunur və süni intellektlə yaradılmış məzmunun bütün rəqəmsal ekosistemdə daha şəffaf şəkildə müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir.
Platforma eyni zamanda Smart Split və AI Outline kimi süni intellekt əsaslı yaradıcı alətlərin inkişafına investisiya yatırır. İstifadəçilərin lentlərində süni intellektlə yaradılmış məzmunun miqdarını öz seçimlərinə uyğun tənzimləməsinə imkan verən “Mövzuların idarə edilməsi” funksiyası da sınaqdan keçirilir.