Ümumdünya Televiziya Günü münasibətilə telejurnalist Bəturə Nəbiyeva QHT.az-a geniş açıqlama verərək televiziya və sosial medianın müqayisəsinin mahiyyətcə düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, sosial media xəbəri daha operativ çatdıra bilsə də, onun dəqiqliyi, düzgünlüyü və faktların yoxlanılması istifadəçilər üçün prioritet deyil:
“Sosial mediada xəbəri paylaşanın məsuliyyəti yoxdur. Xəbər qeyri-ciddi və ya qeyri-dəqiq ola bilər, bu, paylaşan şəxsi maraqlandırmır. Televiziyada isə xəbər yoxlanılır, dəqiqləşdirilir, sonra efirə verilir. Bu baxımdan televiziya daha etibarlıdır. Cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi üçün ən doğru platforma məhz televiziya olaraq qalır. Televiziya kütləyə dəqiq, düzgün və maarifləndirici məlumat çatdırılması baxımından əvəzsizdir. Sosial mediada operativlik var, amma məsuliyyət yoxdur. Televiziyada isə peşəkar jurnalistlər və redaktorlar efir məsuliyyətini çox yaxşı anlayırlar.”
Telejurnalist həmçinin qeyd edib ki, televiziyalarda həm çox savadlı, peşəkar jurnalistlər var, həm də uzun illərdir inkişaf etməyən aparıcılar mövcuddur. Bununla belə, müasir gənc jurnalistlərin artması televiziya məzmununun keyfiyyətinə müsbət təsir göstərir:
“Gənc jurnalistlər arasında çox peşəkar olanlar var və onlar efirdə verdikləri informasiyanın məsuliyyətini dərk edirlər. Bu səbəbdən televiziya uzun illər sosial medianın qabağında dayanmağa davam edəcək. Televiziya yaxın onilliklərdə də cəmiyyət üçün əsas, etibarlı və məsuliyyətli informasiya mənbəyi kimi qalmaqda davam edəcək".