İran və regiondakı gərginliklərin yaratdığı siyasi fon dəyişkən olaraq qalsa da, beynəlxalq gündəmin əsas mövzularından biri yenə Rusiya–Ukrayna müharibəsidir.
Politoloq Taleh Əliyev News365.az-a bildirir ki, mövcud şərtlər sülh üçün real imkan yaratmır.

Analitikin sözlərinə görə, hazırkı vəziyyət göstərir ki, tərəflər sülhə hazır deyil, üstəlik, sülhə yanaşmaları tamamilə ziddiyyət təşkil edir. Moskva işğal etdiyi ərazilərin Rusiya torpağı kimi tanınmasını, Ukraynanın qalan hissəsinin isə:
Qərb ittifaqlarına inteqrasiyadan imtina edən, bloklara qoşulmayan, neytral dövlət statusunda qəbul edilməsini tələb edir. Bundan əlavə, Kreml rus dili və mədəni təsirinin Ukraynada üstün mövqeyə yüksəlməsini şərtlər siyahısına daxil edir.
Ukrayna tərəfi isə 2014-cü ildən bəri işğal olunmuş bütün torpaqlarının geri qaytarılmasını sülhün əsas və dəyişməz şərti hesab edir.
Taleh Əliyev müharibənin miqyasının artıq yalnız cəbhə xətti ilə məhdudlaşmadığını vurğulayıb:
“Bu gün hərbi əməliyyatlar təkcə Ukrayna ərazisində getmir. Pilotsuz uçuş aparatları ilə həm Rusiya, həm də Ukraynanın daxili dərinliklərində zərbələr endirilir. Bu, müharibənin coğrafiyasının artıq genişləndiyini göstərir.”
Politoloq hesab edir ki, 2026-cı ildə də müharibənin bitəcəyi görünmür. Onun fikrincə, bunun başlıca səbəbi münaqişənin lokal savaş deyil, Rusiya–Qərb qarşıdurmasının hərbi fazası kimi davam etməsidir:
“Dünyanın digər regionlarında baş verən gərginliklər bu savaşa birbaşa təsir edir. Ona görə də 2026-cı ildə müharibənin coğrafiyasının daha da genişlənməsi ehtimalı yüksəkdir. Belə bir şəraitdə müharibənin bu il bitəcəyini demək üçün hələ çox tezdir.”