“Bəxtim onda gətirdiki…”- Gülyanaq Məmmədova

“Bəxtim onda gətirdiki…”- Gülyanaq Məmmədova
05 Yan 2026 15:03
Xalq artisti Gülyanaq Məmmədova: 

"Bəxtim onda gətirdi ki, rastıma gözəl sənətkarlar, xeyirxah insanlar çıxdı. Rəşid Behbudov kimi korifeyin qurub yaratdığı səhnədə ilk qədəmlərimi atdım." 


 1993-cü ildən peşəkar səhnədədir. Oxuduğu mahnılarla, muğamlarla Azərbaycan ifaçılıq məktəbinin ənənələrini uğurla davam etdirir. Bu səbəbdən də 2014-cü ildə layiq görüldüyü "Azərbaycan Respublikasının Xalq artisti" adı halalca haqqıdır. "Zəhmətinə dəyər verənlərin hər birinə minnətdarlıq borcum var"- deyir. Şirin ifa tərzi, şaqraq zəngulələri ilə tanınır, sevilir. 

 Türk sevdalısıdır. Səs-sorağı tez-tez Turan ellərindən gəlir. Türkmənistan dövləti onu“Altun əsir bəşiri yenicisi” (Qızıl medal) mükafatna layiq bilib. 2022-ci ildə "Özbəkistan Respublikasının Xalq artisti" fəxri adını alanda sevincdən qanad açdığına Tanrı dağları şahiddir. BZT Turan Akademiyasının fəxri doktorudur. Qazandığı çox sayda mükafatlar onu dəyişdirməyib. Xarakterinə biçilmiş təvazökarlığının, sadəliyinin, səmimiyyətinin və bir də sənət yolunda çalışqanlığının, ustadlardan öyrənmək həvəsinin üzərinə zərrə qədər də kölgə düşməyə qoymayıb. 

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Xalq artisti Gülyanaq Məmmədova həm də hər birimiz kimi öz qayğıları, həyat düşüncələri, arzuları ilə baş-başadır. Onun da sabahın gəlişini gözləyən arzuları var. Sevimli sənətkarımız bunların bir qismini News365.az-la da bölüşdü.



 -Gülyanaq xanım, hələ də bayram ovqatlı günləri yaşayırıq. Əhvalınız necədir?

 -Gözəldi. Biz sənət adamları üçün bütün bayramların bir özəlliyi də odur ki, insanların sevincinə mahnılarımızla daha bir sevinc qatırıq. Onları təbrikə nəğmələrimizlə gəlirik. Səhnəyə hər çıxışımızın özü də bir bayram olur bizim üçün.  

 -Dünya azərbaycanlılarının Həmrəylik Gününü böyük qürurla, iftixar hissilə qeyd etdik. Bu bayram hamımız üçün çox əzizdi. Sizcə, insan həyatda nə vaxt həmrəy olur?

 -Hər zaman bir olaq, harda yaşamağımızdan asılı olmayaraq həmrəy olaq. Nəinki Dünya azərbaycanlılarının, mən bütün türk dünyasının birliyini bütün varlığı ilə arzulayan, onun səsinə, həmrəyliyinə qanad açan insanam. Həmrəyliyin bünövrəsi, məncə birinci ailəyə bağlıdı- ailədə qarşılıqlı hörmət, sevgi, birlik olmalıdır. Sonra çalışdığımız kollektivdə bu həmrəyliyi, birliyi qorumalıyıq. Vətəndən kənarda yaşayan soydaşlarımızla əlaqələri kəsməməliyik, bir-birimizin əlindən tutmalıyıq. Mən hər bir azərbaycanlını özümə doğma bilirəm. Onu ailəmin bir üzvü hesab edirəm. Millətimizə, dövlətimizə sevgi ilə həmrəyliyimiz bütövləşir.Birilyimizi oxuduğum mahnılarımla tərənnüm etməkdən hər zaman sonzuz sövq alıram.    


 -Təqvimin təzələnməyi üçün darıxırsız, yoxsa bu gəliş qəlbinizdə başqa duyğular oyadır? Yeni il insana köhnə ili unutdururmu?

 -Əlbəttə ki, gələcəyə ümidlə baxmalıyıq. Gözəl arzularla addım atmalıyıq. Amma düşünəndə ki, arxada qalan illər ömrümüzdən gedir və bir daha geri dönməyəcək, kövrəlirsən. Elə yeni ili qarşılayanda da, doğum günümü qeyd edəndə də bu hisslər, duyğular mənimlə olur. Bu bir gerçəkdi ki, hər ötən il ömür sarayımızdan qopan ""bir kərpiç"di. Ötənlərdənsə sənə acılı-şirinli xatirələrin izləri qalır. Əslində, enişi, yoxuşu ilə, səhvləri, düzlərilə, sevincli, kədərli anları ilə həyat mənalı olur. Hər açılan səhər qəlbində yeni arzular oyadır- həyat ona görə gözəldi. Yaşa dolduqca insanlara daha çox bağlanırsan. Duyğuların daha da incəlir. Mən ətrafımda olan insanlara o sevgi ilə, o doğmalıqla yanaşıram- necə ki, ailəmə, övladlarıma, yetirmələrimə. Elə yaşamalıyıq ki, dönüb yaşananlara boylananda ürəyimizdə bir rahatlıq olsun, xatirələr üzümüzdə xoş təbəssüm oyatsın.  



 -İnsan ömürboyu axtarışdadı. O, həyatda özyerini nə vaxt tapır? 

 -İnsan, əslində kiçik yaşlarından özünü dərk etmək, özünü tapmaq istəyir. Bəzən elə insan olur ki, bir ömür yaşayır, özünü tapa bilmir- hardadı, kimdi, nəçidi... Düşünürəm ki, biz ömrün pillələrini qalxdıqca, özümüzü dərk etməyə çalışdıqca özümüzü tapmağa çalışırıq. İnsan kim olduğunu anlayanda özünü tapmış olur. Mənə elə gəlir ki, insan bunu uşaqlıqda bir cür, gənclikdə başqa , yaşlı olanda fərqli anlayır, dərk edir. İnsan hər zaman axtarışdadı, çox təcrübələrdən, sınaqlardan keçməli olur. Bəzən elə düşünürsən ki, artıq özünü tapmısan, amma görürsən- yox, həyatda qarşına çıxan keşməkeşli məqamlar sənə hələ bilmədiyin çox mətləbləri anladır. Mən hər gün özümdən elədiklərimin hesabını soruşuram. Daha çox da "hansı yaxşılığı, hansı xeyirxahlığı etdim"- sualına özümdən cavab istəyirəm. Ürəyimi rahatladan cavab alanda həyat gözümdə daha da gözəlləşir. Çünki bir insanı sevindirə bilmisənsə, demək özünü tapmısan.   



 -Gülyanaq xanım, Şəkinin Böyük Dəhnəsindən Böyük Sənətə gedən yol çoxmu uzun oldu? 

 -Uzundan-uzun. Bu yolla getmək elə də asan olmadı. Addım-addım, pillə-pillə, böyük zəhmətlə irəlilədim. Hələ də o yol uzanıb gedir. Üzü zirvəyədi. Çox arzularımın, istəklərimin "əlindən tutub" gedirəm. Görə biləcəyim çox işlər var. O yol hələ bitməyib. Bitəndə, demək ki, mən yoxam.  

 -Siz ustad xanəndə, görkəmli pedaqoq Nəriman Əliyevin adını tez-tez yada salırsınız. Haqqında ürəkdolusu danışırsınız. 

 -Məkanı cənnət olsun. Muğam ustadım Nəriman Əliyevin mənim qəlbimdə bir başqa yeri var. Oxuduğum muğamlara, ifa tərziməgörə, eləcə də yetirmələrimə muğam aşılaya bilirəmsə, ustadım Nəriman müəllimə borcluyam. Səhnə fəaliyyətimdə digər ustadlarım Kamil Vəzirov, Faiq Zöhrabov, Canəli Ələkbərovun zəhmətləri çox olub. Gülyaz xanıma "Leyli-Məcnun"da muğam hissələrini öyrədərkən Canəli müəllimin əziyyəti gözlərim önündə olub, heç zaman unutmarıq. Həmin səhnələrin hazırlanmasımənimçün də əsl ustad dərsi idi. Digər muğam ustadları bütün ifaçılar üçün hər zaman sənətdə ucalığın rəmzidi. Onlardan daim öyrənirik. 



 -Tamaşaçı qəlbinə lap gənc yaşlarınızdan yol tapmağı bacarmısınız. Hazırda Xalq artisti kimi vokal musiqi ifaçılığında sevilən, sayılan sənət adamısınız. Çoxsaylı təltifləriniz, mükafatlarınız var. Bu uğurlara necə nail oldunuz? Bəziləri həyatda müvəffəqiyyət qazanmağın şansa daha çox bağlı olduğunu da söyləyirlər. 

 -Hər mükafat mənimçün qürurvericidir. Uğurlarımda çəkdiyim zəhmətlə yanaşı, taleyimə yazılan qismət payım da var. Böyük sənətkarımız Rəşid Behbudov da deyərdi ki, sənətçi şanslı doğulmalıdı. 33 ildi peşəkar səhnədəyəm və özümü şanslı hesab edirəm. Bəxtim onda gətirdi ki, rastıma gözəl sənətkarlar, xeyirxah insanlar çıxdı. Rəşid Behbudov kimi korifeyin qurub yaratdığı səhnədə ilk qədəmlərimi atdım. Sözsüz ki, istedad da əsas şərtdi. Amma uğurda daha çox zəhmətin payı var. Oturub şansı gözləmək, "qismət varsa gələcək" deyə düşünmək olmaz- gərək çalışasan, əziyyət çəkəsən, daim öyrənəsən.  



 -Həyatda heç büdrədiyiniz, ya bezikdiyiniz, usandığınız vaxtlar olub?

 -Olub. Həm də o qədər! Amma ruhdan düşməmişəm, gələcəyimə inanmışam.Toparlanıb, yenidən yoluma davam etməyə özümdə güc tapmışam.  


 -Siz həm də Özbəkistanın xalq artistisiniz. Turan ellərində bu qədər sevilməyiniz, sənətinizə belə yüksək dəyər verilməsi bizim üçün də qürurvericidir. 

 -Təşəkkür edirəm. Özbəkistandan əvvəl Türkmənistan dövlətinin “Altun əsir bəşiri yenicisi” (Qızıl medal) mükafatna, həmçinin  BZT-Turan Akademiyasının fəxri doktoruadına, Türkiyədə "Küresel başarılar" ödülünə layiq görlmüşəm. Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə tez-tez konsertlərim olur. Birlyimizi, həmrəylimizi qəlbimdəki millət sevgisi ilə, türkçü ruhu ilə, böyük şövqlətərənnüm edirəm. Türk, özbək, türkmən, qazax, qırxız mahnılarını müəyyən qədər çətinlik çəksəm də öyrənirəm və böyük səhnələrdə ifa edirəm, tamaşaçılardan böyük sevgi, alqış görürəm. Qazandığım mükafatlar məni daha da həvəslndirir. Bu, həm də üzərimə götürdüyüm məsuliyyətdir- o yüksək təltiflərə layiq olmağa çalışıram. 



 -Milli musiqi həm də millətimizin mənəvi dünyasıdır. Siz yaxın-uzaq ölkələrdə tez-tez olursunuz. Konsertlər verirsiniz. Azərbaycanın mənəvi dünyası xarici ölkə tamaşaçısının gözündə necə görünür? 

 -Milli musiqimiz, gerçəkdən də onlar üçün çox cəlbedicidir. Mən xaricə qastrol səfərləri zamanı bunun dəfələrlə şahidi olmuşam. Elə vaxtlar olub ki, orada açılan Azərbaycan pavilyonunda milli musiqimizlə bərabər mətbəximiz, geyimlərimiz, xalq tətbiqi sənəti nümunələrimiz də təqdim edilib. Sonda demişik- Bu, Azərbaycandı!  

 1995-ci ildə İsveçdə keçirilən "Malmo"festivalında qırx min insanın qarşısında oxumuşam. Möhtəşəm festival idi. Hansı ölkənin musiqisinin daha çox cəlbedici olduğu həmin səhnənin qarşısına toplaşan tamaşaçı sayından bəlli idi. Bəlkə də təsəvvür etməzsiniz, bizim ifaçıları dinləmək üçün necə böyük insan axını vardı. Musiqimiz melodikliyi, şirinliyi ilə tamaşaçıları o qədər valeh etmişdi ki, bizi böyük heyranlıqla dinləyirdilər. 



 -Gələcək arzularınız News365.az saytının oxucuları üçün də maraqlıdı. 

 -Allahdan istəyim odur ki, səsim, sağlamlığım  yerində olsun ki, arzularımın arxasınca gedə bilim. Əvvəlcədən demək mənə düşmür. Yeni il günü bir az soyuqladım. Səsimdən ötrü çox narahatlıq keçirdim. Yorğunluqdan, yuxusuzluqdan, diqqətsizlikdən səs telləri də yorulur. Onda üzülürəm. Deyirəm, yox, canı da qorumalıyıq ki, oxuya bilək. Amma maddiyyat üçün toy-düyünə çox qaçmalı oluruq. Səsyazmalarımız, geyimlərimiz- çoxduehtiyaclar, sadalamaqla bitməz. Ailəmizin maddi ehtiyacları var, evin komunalları bir tərəfdən. Övladlarımızı böyüdürük, onlara yaxşı təhsil verməlik. Bunun üçün də maddiyyat tələb olunur. Ona görə qazanc arxasınca getməmək də olmur. Toylarımız çox ağırdı. Səs-küydən qulaq tutulur. Səhnənin akustikasından danışmağa dəyməz. Canlı ifadan insanlar bir şey başa düşə bilmirlər. Bir müğənninin 5-6 saat dayanmadan canlı oxuması sizə asan gəlməsin. Hansısa bir məqamda özünə "ulduz" deyən biri gəlir, fanoqramı qoyub bir-iki mahnı oxuyub gedir. Publika bəzən canlı ifa ilə, fonoqrama fərq qoymur. Belə vaxtlarda zəhmətimizin hədərgetdiyini düşünürəm. Fonoqram daha yaxşı eşidilir. Bu səbəbdən insanları da qınamıram.  Canlı oxumayanda da canımızı qoya bilmirik, ayıb olur. Qazandığını özünə halal edə bilmirsən. 

 Arzu edirəm ki, Allah hamımıza çansağlığı versin, ruzimizi yetirsin. Xalqımız üçün, mədəniyyətimiz üçün gözəl işlər görə bilək. Gənclərimizə örnək olaq. Biz incəsənət adamları gözəl əsərlər yazıb-yaratsın, insanların musiqi zövqünü oxşasın. Milli dəyərlərimizi qoruyub gələcək nəsillərə əminliklə ötürək.  

 Nazim Əlifov

Sizin reklam burada
Sizin reklam burada