Venesuelada Nicolas Maduronun devrilməsi ABŞ-Venesuela qarşıdurmasının yeni mərhələyə keçdiyini göstərir.
Politoloq Züriyə Qarayeva News365.az-a açıqlamasında vurğulayıb ki, bu hadisə sadəcə bir liderin hakimiyyətdən uzaqlaşdırılması deyil, eyni zamanda Latın Amerikasında dövlət suverenliyinə yanaşmanın köklü dəyişdiyini simvolizə edir.

Qarayeva bildirib ki, Maduronun devrilməsi spontan daxili üsyanın nəticəsi deyil, uzun müddət hazırlanmış və beynəlxalq səviyyədə koordinasiya olunmuş strategiyanın yekun mərhələsidir. ABŞ Prezidenti Donald Trampın açıqlamalarında “keçid dövrü”, “idarəetmənin bərpası” və “neft axınının normallaşdırılması” ifadələrinin işlədilməsi Vaşinqtonun artıq Venesuelada əsas qərarverici kimi çıxış etdiyini göstərir.
Politoloq diqqət çəkib ki, ABŞ müdaxiləni gizlətmir və əvvəlki kimi humanitar və ya hüquqi pərdəyə bürüməyə çalışmır. Vaşinqton Monro doktrinasına açıq istinad edərək mesaj verir: Venesuela ABŞ-ın geosiyasi maraqları çərçivəsindədir.
Eyni zamanda, Maduronun devrilməsi ilə paralel olaraq ABŞ-ın enerji sahəsinə dair tələbləri diqqət çəkir. Neft hasilatı, litium və nadir torpaq elementləri kimi strateji resursların idarəsi artıq ABŞ maraqları əsasında tənzimlənəcək. Bu isə Venesuelanı qlobal güc rəqabətinin kritik nöqtəsinə çevirir.
Politoloq qeyd edib ki, Venesuela daxilində formalaşan yeni siyasi mənzərə hələlik qeyri-müəyyəndir. Keçid administrasiyası formal olaraq seçkiləri və sabitliyi vəd etsə də, real güc qərarları xaricdən idarə olunur. Delcy Rodriguezin səsləndirdiyi sülh və əməkdaşlıq çağırışları əsasən beynəlxalq legitimlik qazanmaq məqsədini daşıyır.
Qarayeva əlavə edib ki, regional nəticələr də ciddi olacaq. Latın Amerikası ölkələri üçün Maduronun devrilməsi açıq mesajdır: ABŞ qarşıdurmanı daxildən və ya birbaşa müdaxilə ilə sona çatdırmaq potensialına malikdir. Bu isə region dövlətlərini ya Vaşinqtonla daha sıx əməkdaşlığa, ya da alternativ güc mərkəzləri ilə riskli yaxınlaşmalara yönləndirir.