Avropa ölkələrində hərbi xidmətdən təxris olunanlara verilən sosial təminatlar fonunda Azərbaycanda da bu məsələ gündəmə gəlir. Maraqlıdır, gələcəkdə müddətli hərbi xidmət keçən əsgərlərə də işdənçıxarma müavinəti verilməsi mümkün ola bilərmi?
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, “işdənçıxarma” anlayışı hərbi qulluqçulara şamil edilmir. Onun sözlərinə görə, hərbçi işləmir, hərbi xidmət keçir və xidmət müddəti başa çatdıqdan sonra ya təxris olunur, ya da xidmətə qəbul edilir.
Ekspert vurğulayıb ki, hərbi xidmətdən təxris olunan zabit və gizirlərə müavinət verildiyi kimi, müddətli hərbi xidmət keçən əsgər və çavuşlara da müavinət verilməsi vacibdir.
“Bir kateqoriyaya verib, digərini kənarda qoymaq düzgün yanaşma deyil. Əgər hərbi hissənin ləğvi və ya ştat ixtisarı ilə bağlı təxris olunma baş verirsə, mütləq müavinət ödənilməlidir”, – deyə o, qeyd edib.
Üzeyir Cəfərov əlavə edib ki, əgər hərbi qulluqçu xidmət zamanı yol verdiyi qüsura və ya cinayət törətdiyinə görə təxris olunursa, bu halda hər hansı müavinətin verilməsindən söhbət gedə bilməz.
Hərbi ekspertin fikrincə, qanunvericilik elə formalaşdırılmalıdır ki, hər kəsə eyni prinsiplərlə tətbiq olunsun.
“Hərbi xidmət birinə şamil olunub, digərinə aid edilməyən mexanizmə çevrilməməlidir. Təbii ki, əsgərin, gizirin və zabitin öz yeri və statusu var, amma ümumi yanaşma ədalətli olmalıdır”, – deyə o, bildirib./// KONKRET