Naxçıvan Penitensiar Xidmətinin rəisi olmuş Tofiq Həsənov da
ali xüsusi rütbəsini itirdi; 20 il öncəki cinayətə görə 2021-ci ildə həbs
olunan general-leytenant Rövşən Əkbərovun da rütbəsinin alınması müzakirə
olunurdu, amma...
Ədliyyə general-mayoru Tofiq Həsənov ali xüsusi rütbəsindən
məhrum edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Tofiq Həsənov
"Vətən uğrunda" medalından da məhrum edilib. Qeyd edək ki, Tofiq Həsənov
Naxçıvan Penitensiar Xidmətinin rəisi olub.
Yada salaq ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla
Mövlan Şixəliyev, Sahib Ələkbərov və Yasin Məmmədov ali hərbi rütbədən və dövlət
təltiflərindən məhrum edilib. Buna səbəb adıçəkilən şəxslərin xüsusilə ağır
cinayətlər törətdiklərinə görə məhkum olunmalarıdır. Beləliklə, Mövlam Şixəliyev
general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə"
ordenindən, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə"
medallarından məhrum edilib. Sahib Ələkbərovla Yasin Məmmədovun isə
"Vətən uğrunda" medalı geri alınıb. General rütbəsindən və ordenlərdən
məhrum edilənlərdən biri də Naxçıvanın sabiq daxili işlər naziri Əhməd
Əhmədovdur. Sabiq MTN generalı Akif Çovdarov da eyni aqibətlə üzləşib. O,
2020-ci ildə general rütbəsindən və digər orden və medallardan məhrum
edilib.
20 il öncəki cinayətə görə 2021-ci ildə həbs olunan
general-leytenant Rövşən Əkbərovun da rütbəsinin alınması müzakirə olunurdu.
Sabiq birlik komandirinin general-leytenant rütbəsinin alınıb-alınmayacağı ilə
bağlı suala o zaman baş prokuror Kamran Əliyev belə aydınlıq gətirmişdi:
"Bununla bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də
qərarı var. Bu işdə məqsədəmüvafiq hesab edilməyib. Ona görə də belə bir
qərar qəbul olunmayıb".
News365.az bildirir ki, Rövşən Əkbərov
2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi
7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra saat 4 radələrində
həmin kafenin yaxınlığında iş adamı Elçin Əliyevlə aralarında yaranmış cüzi
münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə xəncərlə
xəsarət yetirməklə onu qəsdən öldürmüşdü. Rövşən Əkbərov uzun illər azadlıqda
qalsa da, İkinci Qarabağ müharibəsindən sonra həbs olundu.
Elçin Əliyevin anası Səmayə Əliyeva 20 il ərzində oğlunun qətlinin
açılması üçün çabalar göstərdi, Avropa Məhkəməsinə müraciət etdi. 2014-cü ildə
Avropa İnsan Haqları Məhkəməsi Səmayə Əliyevanın iddiasına baxıb. Ukraynada
hüquq-mühafizə orqanları bu ölüm işində azərbaycanlı general Rövşən Əkbərovun
iştirakını təsdiq etdikdən sonra cinayət işini Azərbaycan prokurorluğuna göndərib.
Səmayə Əliyeva oğlunun qətlində israrla Rövşən Əkbərovun adını çəkir, onu
ittiham edirdi. Rövşən Əkbərovun vəzifədə olması bu ittihamların obyektiv
araşdırılmasına mane olurdu. 2021-ci ildə Rövşən Əkbərov vəzifədən
uzaqlaşdırıldı və Elçin Əliyevə qarşı törədilmiş cinayətin gec də olsa,
araşdırılmasına qərar verildi.
56 yaşlı general-leytenant Rövşən Əkbərov Bakı və Şəmkir
korpuslarının komandiri olub. O, 2021-ci ilin fevral ayının əvvəllərində müdafiə
nazirinin əmri ilə ehtiyata göndərilib. Rövşən Əkbərov Bakıdakı 42 saylı orta məktəbdə,
daha sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb. 1982-ci ildə
Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. 1986-cı ildə təyinatla
Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilib. Bir il sonra
xidmət etdiyi ordunun tərkibində Əfqanıstana ezam olunub. 1988-ci ildə
Zaqafqaziya Hərbi Dairəsinə qayıdan Rövşən Əkbərov 1989-cu ildə xidmət etdiyi
alayda bölük komandiri vəzifəsinə təyin edilir. Birinci Qarabağ müharibəsində
iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı Xüsusi Təyinatlı
Polis Dəstəsinin zərərsizləşdirilməsində iştirak edib. Rövşən Əkbərov 1999-cu
ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi
Akademiyasının müdavimi olub. 2002-ci ildən general-leytenantdır. Rövşən Əkbərov
Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ad ona 5 oktyabr 1994-cü il tarixli fərmanla
verilib.