SOCAR-da Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub

SOCAR-da Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub
01 İyn 2025 15:01

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə SOCAR-ın Baş ofisində iki tədbir keçirilib.

"Valideynimin iş yerində bir gün" və "Kids day at the office" (Ofisdə uşaqlar günü) layihələri müvafiq olaraq 8-12 və 13-17 yaşlı uşaqlar üçün təşkil olunub.

Valideynlərinin iş yerini ziyarət edərək onların çalışdığı mühitlə tanış olan uşaqlar burada iş prosesi barədə ətraflı məlumat alıblar. Uşaqlar bir müddətlik rəmzi olaraq valideynlərinin vəzifələrini icra ediblər.

Tədbir zamanı uşaqlar üçün həm əyləncəli, həm də maarifləndirici fəaliyyətlər təşkil olunub. "Valideynimin iş yerində bir gün" layihəsi çərçivəsində uşaqların Əməkdar artist Bəhram Bağırzadə ilə görüşü təşkil olunub, onlara müxtəlif kitablar təqdim edilib.

Hər iki yaş kateqoriyası üzrə keçirilən tədbirlərdə uşaqlar ümummilli lider Heydər Əliyevin enerji siyasətindən bəhs edən sərgi və "Azərbaycan nefti" sərgisi ilə tanış olublar.

Azərbaycanda uşaqların sağlam və firavan böyümələri, yüksək bilik və bacarıqlara yiyələnmələri dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

SOCAR da ölkəmizdə bu istiqamətdə həyata keçirilən siyasətə uyğun olaraq, əməkdaşları ilə yanaşı, onların ailə üzvlərinə, övladlarına xüsusi diqqət və qayğı ilə yanaşır.


Sizin reklam burada
Sizin reklam burada