Şimali Koreya (KXDR) hərbçiləri patrul xidməti zamanı Koreya Respublikası ilə sərhədi qısa müddətə keçiblər.
News365.az xəbər verir ki, “Yonhap” agentliyinin yaydığı məlumata görə hadisə ötən həftə Koreya yarımadasının şərq hissəsində baş verib. Bir qrup Şimali Koreya hərbçisi Koreyalararası hərbi demarkasiya xəttini (MDL) keçib.
Cənubi Koreya hərbçiləri əməliyyat qaydalarına uyğun olaraq əvvəlcə xəbərdarlıq edib, daha sonra isə xəbərdarlıq atəşi açıblar. Bundan sonra Şimali Koreya hərbçiləri öz ərazilərinə geri çəkiliblər. pizza hut
Cənubi Koreya tərəfinin ilkin qiymətləndirməsinə görə, hərbçilərin sərhədi keçməsi ərazidə patrul xidməti zamanı baş verib və insidentin qəsdən törədildiyinə dair məlumat yoxdur.
Yonhapın məlumatına görə, bu, 2026-cı ildə Şimali Koreya hərbçilərinin hərbi demarkasiya xəttini keçməsi ilə bağlı ilk qeydə alınmış hadisədir. Cənubi Koreya hərbçiləri Şimali Koreya əsgərləri geri çəkildikdən sonra sərhəd bölgəsində qeyri-adi hərbi fəallıq müşahidə etməyiblər.
Qeyd edək ki, Koreya yarımadasını ayıran Demilitarizasiya Zonası (DMZ) dünyanın ən ciddi mühafizə olunan sərhəd bölgələrindən biridir. MDL isə iki ölkənin hərbi qüvvələrini ayıran faktiki sərhəd xəttidir.