“Times Higher Education” (THE) tərəfindən 2027-ci il üzrə Dünya Universitetləri Reytinqinin nəticələri açıqlanıb.
News365.az xəbər verir ki, təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında reytinqin nəticələrini paylaşaraq Azərbaycan universitetlərinin göstəricilərinə diqqət çəkib.
Onun paylaşdığı məlumatda bildirilir ki, bu il reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 4-dən 5-ə yüksəlib.
Nəticələrə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ötən illə müqayisədə mövqeyini yaxşılaşdırıb. Universitet 801–1000 intervalından 701–800 intervalına yüksələrək Azərbaycan universitetləri arasında ən yüksək nəticəni göstərib.
Bakı Dövlət Universiteti 1601–1800, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1801–2000, Azərbaycan Texniki Universiteti isə 2001+ intervalında yer alıb.
Reytinqdə builki yeniliklərdən biri Azərbaycan Tibb Universitetinin (ATU) ilk dəfə sıralamaya daxil olmasıdır. ATU 2001+ intervalında qərarlaşıb.
Etibar Əliyev paylaşımında nəticələri belə qiymətləndirib:
“Gerçəkdə inkişaf edən və inkişaf etməkdə olan universitetlərimizi təbrik edirəm”.
Ekspertin qeyd etdiyi nəticəyə görə, UNEC Azərbaycan və Cənubi Qafqaz üzrə birinci, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında isə 10-cu ən yaxşı universitet kimi göstərilib.
News365.az