İnternetdə qarşıdurma yaradan paylaşımlarla bağlı təklif: “Nəzarətə götürülməlidir”

İnternetdə qarşıdurma yaradan paylaşımlarla bağlı təklif: “Nəzarətə götürülməlidir”
12:17

İnternet və sosial şəbəkələr gündəlik həyatın ayrılmaz hissəsinə çevrildikcə, burada yayılan məzmunun cəmiyyətə təsiri ilə bağlı müzakirələr də aktuallaşır. Xüsusilə qarşıdurma və gərginlik yarada biləcək paylaşımların qarşısının alınması məsələsi Milli Məclisdə də gündəmə gətirilib.

News365.az xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında internet məkanında yayılan müxtəlif məzmunlarla bağlı fikirlərini bölüşüb.

Deputat bildirib ki, insanların şəxsi həyatını, məişətini və gündəlik fəaliyyətini internetdə paylaşması özlüyündə problem kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu tip paylaşımlar əyləncə xarakteri daşıya və cəmiyyətə müəyyən müsbət təsir göstərə bilər.

B.Məhərrəmovun fikrincə, əsas diqqət cəmiyyətdə qarşıdurma yaratmağa, insanları təhrik etməyə və gərginliyi artırmağa yönələn internet yayımlarına yönəldilməlidir.

Deputat belə məzmunların ciddi nəzarətə götürülməsini təklif edib.

“İnformasiya məkanı dövlətimizin suverenlik sərhədidir və burada kütlələrin beyninin zəhərləndiyi bir poliqon ola bilməz”, - deyə B.Məhərrəmov bildirib.

O, internetdə bu kimi məzmunlarla bağlı məsələnin Milli Məclisin cari sessiyasının qanunvericilik işləri planına və gündəliyinə daxil edilməsini təklif edib.


Sizin reklam burada
Sizin reklam burada