"Şəhər sağlamlığı üçün vahid strategiya artıq zərurətə çevrilib"- ÜST
Cəmiyyət
12:56
“Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Natali Röbel bildirib ki, şəhər sağlamlığı artıq ayrı-ayrı sahələr üzrə deyil, vahid və əlaqələndirilmiş strategiya əsasında idarə olunmalıdır.
News365.az xəbər verir ki, O, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Fəaliyyətdə sağlam və qayğıkeş şəhərlər” adlı sessiyada səsləndirib.
Onun sözlərinə görə, uzun illər ərzində şəhər sağlamlığı ayrı istiqamətlərdə — ətraf mühitin sağlamlığı, sağlam həyat tərzinin təşviqi və fövqəladə hallara hazırlıq kimi sahələrdə fərqli şəkildə inkişaf etdirilib. Lakin müasir dövrdə bu yanaşmanın yetərli olmadığı vurğulanıb.
Natali Röbel qeyd edib ki, son illərdə qlobal sağlamlıq məqsədlərinə çatmaq üçün şəhərlərin rolu daha da artıb və yerli idarəetmə orqanlarının bu sahədə gücləndirilməsi əsas prioritetlərdən birinə çevrilib.
O, həmçinin bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq sağlamlıq məsələlərini iqlim dəyişikliyi, miqrasiya və ərzaq təhlükəsizliyi kimi sahələrlə birlikdə qiymətləndirir və bu istiqamətdə “birgə fayda” yanaşmasını təşviq edir.
Qeyd olunub ki, 2018-ci ildə mənzil və sağlamlıq üzrə ilk beynəlxalq təlimatın hazırlanması bu sahədə mühüm mərhələ olub və səhiyyədən kənar sektorların da insan sağlamlığına təsirini nəzərə alan yanaşmanı gücləndirib.
Sonda vurğulanıb ki, şəhərlər arasında əməkdaşlıq və yerli tərəfdaşlıqlar qlobal tövsiyələrin praktik tətbiqində əsas mexanizm kimi çıxış edir. Hazırda isə şəhər sağlamlığı üzrə təlim proqramlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.