Putinin yanacaq infrastrukturuna ardıcıl zərbə əmri gözlənilən idi

Putinin yanacaq infrastrukturuna ardıcıl zərbə əmri gözlənilən idi
13:49

Rusiya-Ukrayna müharibəsinin beşinci ilində hərbi əməliyyatların miqyası daha da genişlənir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun da artıq prosesi "xüsusi əməliyyat" deyil, rəsmən "müharibə" adlandırması cəbhədəki gərginliyin pik həddə çatdığının göstəricisidir. Bu fonda Ukraynadakı Azərbaycan obyektlərinin, xüsusilə yanacaqdoldurma məntəqələrinin zərər görməsi ictimaiyyətdə müəyyən suallar doğurub.

News365.az xəbər verir ki, məsələni şərh edən politoloq Elşad Həsənov rəsmi Mosvkanın bu addımları məqsədli şəkildə atmadığını bildirib.

Səfirliyə zərbə beynəlxalq cinayətdir, bəs YDM-lər?

Politoloq qeyd edib ki, müharibə dövründə Azərbaycanın Ukraynadakı aktivləri, o cümlədən yanacaqdoldurma məntəqələri (YDM) indiyədək 80-ə yaxın zərbəyə məruz qalıb. Hətta bir müddət əvvəl Azərbaycan səfirliyinin yerləşdiyi küçəyə də ziyan dəyib:

"Beynəlxalq konvensiyalara əsasən, diplomatik nümayəndəliklərə zərbə vurulması qətiyyən yolverilməzdir və bu, beynəlxalq cinayət hesab olunur. Lakin yanacaqdoldurma məntəqələrinə gəlincə, onların sırf Azərbaycana məxsus olduğu üçün hədəf seçildiyinə dair heç bir təsdiqlənmiş məlumat yoxdur. Burada tamamilə fərqli hərbi reallıqlar mövcuddur".

Ukraynanın "yanacaq qıtlığı" strategiyası və Rusiyanın cavabı

E. Həsənovun sözlərinə görə, son dövrlər Ukrayna ordusu Rusiyanın daxilindəki enerji infrastrukturuna ağır zərbələr endirib və bu, Rusiyada ciddi ajiotaja səbəb olub:

"Ukrayna tərəfi il ərzində 194 dəfə Rusiyanın YDM-lərini, neft bazalarını və neftayırma zavodlarını nişan alaraq böyük dağıntılar törədib. Nəticədə, dünyaya yanacaq satan Rusiya hazırda qonşu ölkələrdən, hətta Yaponiyadan benzin idxal etmək barədə düşünür. Ölkədə kilometrlərlə uzanan növbələr və ciddi böhran yaranıb.

Məhz bu səbəbdən, Rusiya Prezidenti Vladimir Putinin hərbçilərlə son görüşündən sonra Ukraynanın enerji və yanacaq infrastrukturuna ardıcıl cavab zərbələrinin vurulması əmrini verməsi gözlənilən idi. Vurulan obyektlər Azərbaycanın hədəf alınması deyil, Ukrayna ərazisindəki ümumi yanacaq və logistika şəbəkəsinin sıradan çıxarılması strategiyasının tərkib hissəsidir".

"XİN Rusiyaya nota verəcək"

Ekspert sonda vurğulayıb ki, hadisələrin hərbi xarakter daşımasına baxmayaraq, Azərbaycan dövlətinə və şirkətlərinə məxsus mülki obyektlərin zərər görməsi təəssüf doğurur:

"Hesab edirəm ki, yaranmış vəziyyətlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tərəfindən yaxın günlərdə Rusiyaya rəsmi etiraz notası təqdim olunacaq".



Sizin reklam burada
Sizin reklam burada