Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur

Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
22:40

Sadettin Saran və aparıcı Ela Rümeysa Cebeci barəsində “narkotik və ya psixotrop maddələrin ticarəti və ya təmin edilməsi” ittihamı ilə istintaq başa çatıb.

News365.az xəbər verir ki, hər iki şəxs üçün ən azı 10 il həbs cəzası istənilir.

İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaq Bürosu tərəfindən hazırlanan ittihamnamədə bildirilir ki, araşdırma 2025-ci il dekabrın 18-də gizli şahidin ifadəsi əsasında başlayıb.

İttihamnaməyə əsasən, istintaq zamanı Ela Rümeysa Cebecinin mobil telefonunda aparılan ekspertiza nəticəsində Sadettin Saranla narkotik maddələrin istifadəsi, əldə olunması və yetişdirilməsi ilə bağlı olduğu iddia edilən yazışmalar və səs mesajları aşkarlanıb.

Şübhəlilər həmin mesajların zarafat xarakteri daşıdığını və film və seriallarla bağlı söhbətlərdən ibarət olduğunu bildirsələr də, prokurorluq bu izahatların əldə olunan sübutlar fonunda inandırıcı olmadığını qeyd edib.

Sənəddə həmçinin tərəflərin bir-birinə narkotik maddələr verdikləri, birlikdə istifadə etdikləri və gələcəkdə bu maddələrin əldə olunmasını müzakirə etdiklərinə dair yazışmaların olduğu iddia edilir.

İttihamnamədə Sadettin Saran və Ela Rümeysa Cebecidən götürülən saç nümunələrində narkotik maddə izlərinin aşkarlandığı da vurğulanıb.

Hazırda ittiham aktı Ağır Cinayətlər Məhkəməsi tərəfindən nəzərdən keçirilir. Prokurorluq hər iki təqsirləndirilən şəxs üçün azı 10 il həbs cəzası tələb edir.


Sizin reklam burada
Sizin reklam burada