Azərbaycanda əmək münasibətlərində mühüm dəyişiklik gözlənilir. Belə ki, saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur. Bu məqsədlə Əmək Məcəlləsinə əlavə və düzəlişlər layihəsi hökumətdə razılaşdırılmaq üçün Nazirlər Kabinetinə təqdim olunub.
News365.az xəbər verir ki, bu yeni mexanizm əməkhaqqının yalnız aylıq deyil, işlənilən saatlara görə hesablanmasını nəzərdə tutur. Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, bu yanaşma əmək bazarına bir sıra yeniliklər gətirə bilər.
“Saatlıq əməkhaqqı vətəndaşların gördüyü işin dəyərinin daha dəqiq ölçülməsinə imkan yaradacaq. İnsanlar tək bir yerdə deyil, bir neçə yerdə saatlıq əsasda çalışaraq ümumi gəlirlərini artıra biləcəklər,” – deyə deputat vurğulayıb.
Yeni modelin tətbiqi həmçinin əlavə iş saatlarında və qeyri-iş günlərində çalışanlar üçün daha yüksək ödənişləri mümkün edəcək. Beynəlxalq təcrübədə olduğu kimi, bu sahədə də diferensial ödənişlər və bonuslar tətbiq ediləcək.
Vüqar Bayramov qeyd edib ki, bu dəyişiklik əməkhaqqının ədalətli bölgüsünə və işçi hüquqlarının gücləndirilməsinə xidmət edəcək. Sistemin tam işlək olması üçün saatlıq minimum əməkhaqqı məbləğləri də ayrıca müəyyən olunacaq.
Hazırda dəyişiklik layihəsi üzərində iş aparılır. Razılaşdırma mərhələsi başa çatdıqdan sonra saatlıq əməkhaqqı sisteminin tətbiq ediləcəyi tarix açıqlanacaq.
Bu yanaşma həm işçi, həm də işəgötürən üçün daha çevik və şəffaf əmək münasibətləri qurmaq imkanı yaradır. Azərbaycanda əməkhaqqı sistemində keyfiyyətli dəyişikliklərin başlanğıcı ola bilər.