Rusiyalı aparıcı Fransadan deportasiya olunur - Şok detallar

Rusiyalı aparıcı Fransadan deportasiya olunur - Şok detallar
16:10

Keçmiş “RT France” xəbər kanalının rəhbəri, rusiyalı televiziya aparıcısı Kseniya Fedorova Fransa Prezidenti Emmanuel Makronu və onun hökumətini senzurada ittiham edib. Buna səbəb həftənin əvvəlində Fransanın onun ölkədən çıxarılması haqqında qərar verməsi və aktivlərini dondurması olub.

News365.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Kremllə sıx əlaqələri olan xəbər kanalına rəhbərlik etmiş Fedorova Fransa mediasında Rusiya yönümlü təbliğat yaymaqla dəfələrlə qalmaqalların mərkəzində olub.

46 yaşlı aparıcı ölkədən çıxarılması qərarı ilə bağlı ilk açıqlamasında Fransa hökumətini “siyasi təzyiq göstərməkdə” və “rəsmi mövqeyə uyğun gəlməyən fikirləri senzuradan keçirməkdə” günahlandırıb.

"Emmanuel Makron hökuməti mənim ictimai bəyanatlarımın Respublika üçün dərhal təhlükə yaratdığına qərar verib. Mənim bütün 'günahım' təxminən 10 ildir Fransada qanunlara əməl edərək yaşamağım, vergilərimi ödəməyim və bir jurnalist kimi öz mövqeyimi ifadə etməyimlə bağlıdır", — deyə o, sosial media hesabında yazıb.

“Libération” qəzetinin əldə etdiyi deportasiya qərarına əsasən, Fedorova “ictimai qaydanı pozmaqda”, “dezinformasiya yaymaqda” və “Rusiya hakimiyyətinin idarə etdiyi dezinformasiya kampaniyalarının icraçısı olmaqda” ittiham olunur.

Qeyd edək ki, Fedorova 2023-cü ildə Aİ sanksiyaları çərçivəsində bağlanan “RT France” kanalına rəhbərlik edib. O, daha sonra fransa siyasətinə təsir etməkdə ittiham olunan mühafizəkar milyarder Vinsent Bolloreyə məxsus sağçı media vasitələrində müntəzəm çıxışlar etməyə başlayıb.

“POLITICO” tərəfindən baxılan hökumət fərmanına əsasən, Fransa cüməşənbə günü Fedorovanın aktivlərini altı ay müddətinə dondurub. Rusiyalı aparıcı bu qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Hazırda ev dustaqlığında olan və Fransa ərazisində işləməsi qadağan edilən Fedorovanın Paris və Moskva arasındakı zəif diplomatik əlaqələr səbəbindən ölkədən deportasiya edilməsinin çətin olacağı vurğulanır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada