Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a açıqlamasında Rusiya rəsmilərinin son bəyanatlarını tənqid edib. Onun sözlərinə görə, bu cür açıqlamalar iki ölkə arasında münasibətlərə zərbə vurur.
“Təəssüf ki, bu kimi açıqlamaların bir neçə dəfə şahidi olmuşuq. Bu gün Rusiyanın dünyanın əksər ölkələri ilə münasibətləri gərgindir. Nisbətən yaxşı münasibətlər keçmiş sovet respublikaları ilə, o cümlədən Azərbaycanladır. Azərbaycan və Rusiya arasında hər zaman yaxşı münasibətlər olub. Amma indi Rusiya rəsmilərinin belə çıxışlar etməsi, sanki yaxın münasibətdə olduğu ölkələrlə də münasibətləri pozmaq cəhdidir.”
Deputat Rusiyanın Qarabağla Ukraynanın işğal olunmuş əraziləri arasında apardığı paraleli kəskin tənqid edib:
“Burada çox kobud bir müqayisə var. Qarabağ Azərbaycanın ərazisidir və bu fakt beynəlxalq hüquq, BMT sənədləri ilə təsdiqlənib. Azərbaycan işğal altında olan ərazilərini azad edib. Digər tərəfdən, Ukraynanın ərazi bütövlüyü də eyni şəkildə beynəlxalq hüquqla tanınıb. Rusiya isə bu əraziləri işğal edib. Bu iki vəziyyəti eyniləşdirmək beynəlxalq hüquqa ziddir və tamamilə qəbuledilməzdir.”
Ceyhun Məmmədov Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələyə operativ reaksiya verdiyini də vurğulayıb:
“Azərbaycan XİN-in hadisəyə dərhal və prinsipial münasibət bildirməsi doğru addım idi. Bu cür absurd və qeyri-obyektiv müqayisələrin qətiyyən yeri yoxdur və biz bunu qətiyyətlə rədd edirik.”