Rusiya Navalnının zəhərlənməsi ilə bağlı ittihamlara cavab verdi

Rusiya Navalnının zəhərlənməsi ilə bağlı ittihamlara cavab verdi
14:25

Rusiya Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının (KSQT) Texniki Katibliyinə rəsmi nota göndərib.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vladimir Tarabrin məlumat verib.

Sənəddə Qərb dövlətlərinin Rusiya hakimiyyətinə müxalif siyasətçi Aleksey Navalnının epibatidin toksini vasitəsilə zəhərlənməsi barədə irəli sürdüyü bütün ittihamlar qəti şəkildə rədd edilir.

"Biz KSQT-nin Texniki Katibliyinə müvafiq nota göndərərək, bunun quruma üzv olan bütün dövlətlər arasında yayılmasını xahiş etdik. Ünvanımıza səsləndirilən əsassız uydurmaları qətiyyətlə rədd etdik. Bununla yanaşı, vurğuladıq ki, Rusiya Federasiyası faktlara əsaslanan məzmunlu ekspert müzakirələrinə hər zaman açıqdır", - deyə o bildirib.

Tarabrin, həmçinin xatırladıb ki, epibatidin daxil olmaqla toksinlər KSQT tərəfindən deyil, Bakterioloji və Toksin Silahlarının Qadağan Olunması Konvensiyası ilə tənzimlənir. Buna görə də həmin maddələr KSQT çərçivəsində müzakirə predmeti ola bilməz.

Fevralın 14-də Almaniya, Böyük Britaniya, Niderland, İsveç və Fransa birgə bəyanat yayıblar. Sənəddə iddia olunub ki, Navalnı Ekvador ağac qurbağasının dərisindən əldə edilən epibatidin toksini ilə zəhərlənib. Məlumata görə, belə bir nəticəyə Navalnının biomaterial nümunələrinin analizi əsasında gəlinib.

Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən Navalnı iki il əvvəl cəzaçəkmə müəssisəsində vəfat edib.


Sizin reklam burada
Sizin reklam burada