Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News365.az xəbər verir ki, bugünkü iclasda təqsirləndirilən şəxslərdən biri İlham Abbasovun vəkillərinin iştirak etmədiyi məlum olub.
Bildirib ki, bundan əvvəlki iclasda da İlham Abbasovun iştirak etmədiyi üçün təxirə salınmışdı.
Hakim Elnur Nuriyev bildirib ki, hər iki vəkillə bağlı Vəkillər Kollegiyasına müraciət olunacaq.
Xatırladaq ki, ittihama görə İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.
Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.
Xatırladaq ki, 2010-cu ildə "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı./Lent.az