Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyəti müəyyən edilir.
News365.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddənin Qeyd hissəsində nəzərdə tutulur ki, terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.