Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yeni ittiham elan olunması barədə xəbər vermişdik.
News365.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Ramiz Mehdiyev vəzifə səlahiyyətlərindən istifadə edərək, ayrı-ayrı şəxslərdən ümumilikdə 70 milyon manat rüşvət alıb.
İstintaqın davam etməsini nəzərə alsaq, sabiq PA rəhbərinin topladığı rüşvətin məbləğinin artacağı da gözlənilir.
Ramiz Mehdiyevə rüşvət verən şəxslərin kimliyinə gəlincə, onlar arasında dövlət vəzifəsini tutan və o cümlədən sahibkarlar da var.
Xatırladaq ki, sabiq PA rəhbəri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə daha əvvəl Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət və 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb.
Bu ittihamlar üzrə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İlkin olaraq 4 ay müddətinə müəyyən edilən ev dustaqlığının müddəti sonradan məhkəmə qərarları ilə uzadılıb.
Sonuncu məlumata görə, 2026-cı ilin iyununda Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 5 ay uzadıb.
Xatırladaq ki, həmin xəbərdə Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham irəli sürülməsindən bəhs olunub.