Avropa İttifaqında Ukraynanın maliyyələşdirilməsi ilə bağlı ciddi qarşıdurma yaşanır. Slovakiya və Macarıstan Aİ-nin 2027-ci ildə Kiyevə ayırmağı planlaşdırdığı 70 milyard avroluq yeni kredit paketində iştirak etməyəcəklərini rəsmən bəyan ediblər.
News365.az xəbər verir ki, bu barədə Slovakiya baş naziri Robert Fitso "Denník N" nəşrinə müsahibəsində bildirib.
Robert Fitso Aİ ölkələrinin blokun 2028-2034-cü illər üçün çoxillik büdcəsini ilin sonunadək razılaşdıra biləcəyinə şübhə edir. O, Avropa Şurasının sədri Antoniu Koştanın təklif etdiyi vaxt çərçivəsində bu razılığın əldə olunmasını qeyri-real adlandırıb.
Slovakiya rəhbəri Aİ büdcə müzakirələrinin birbaşa Ukraynanın maliyyələşdirilməsinə bağlanmasını təhlükəli gedişat hesab edir. Bununla belə, Fitso Slovakiyanın Kiyevə humanitar, təhsil, yol infrastrukturu və energetika sahələrində dəstəyini davam etdirəcəyini qeyd edib.
Bundan əlavə, Fitso Aİ sammitində sülh təşəbbüslərinin arxa plana keçirilməsindən və Rusiya-Ukrayna münaqişəsinin dayandırılması yollarının axtarılmamasından narazılığını ifadə edib.
Nəşrin məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldəki Aİ sammitində ölkəsinin 2027-ci ildə hərbi əməliyyatlara 155 milyard avro xərcləyəcəyini bildirərək Avropa liderlərini təcili vəsait tapmağa çağırıb.
Xatırladaq ki, bundan əvvəl Aİ Ukraynanın 2026-2027-ci illər üzrə maliyyə ehtiyacları üçün 90 milyard avroluq kredit paketini təsdiqləyib (30 milyard avro büdcəyə, 60 milyard avro isə müdafiəyə).
Fitso bundan əvvəl də Kiyevə yeni hərbi kreditlərin ayrılmasına qarşı çıxıb, Slovakiyanın bu proqramlardan kənarda qalacağını bəyan edərək Aİ-ni Rusiya ilə birbaşa dialoqa çağırıb.
Fitsonun sözlərinə görə, Ukraynanın növbəti il üçün Aİ-dən əlavə maliyyə yardımı istəməsinə baxmayaraq, Bratislava bu yükü üzərinə götürməyəcək.
Slovakiya hökumətinin rəhbəri vurğulayıb ki, Macarıstan baş naziri Peter Macar da eyni sərt mövqedən çıxış edir.