Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
14:40

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib.

News365.az xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb.

Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi ilə bağlı müxtəlif hekayələr eşidib. Onun sözlərinə görə, bu cür halların elmi baxımdan ətraflı araşdırılmasına ehtiyac var.

Alim qeyd edib ki, özü ürək-damar cərrahiyyəsi üzrə ixtisaslaşmasa da, bu məsələ elmi araşdırmalar üçün maraqlı mövzulardan biridir.

Syaopin Ren, həmçinin heyvan orqanlarının insanlara köçürülməsini nəzərdə tutan ksenotransplantasiya sahəsində aparılan tədqiqatların perspektivli olduğunu vurğulayıb. O bildirib ki, donuz orqanlarının insan orqanlarına anatomik və fizioloji baxımdan müəyyən oxşarlıqları onların tibbdə istifadəsi imkanlarını araşdırmağa şərait yaradır.

Professorun fikrincə, gələcəkdə bu sahədə klinik tədqiqatlar genişlənə bilər. Hətta nəzəri səviyyədə donuzun onurğa beyninin insana köçürülməsi kimi mürəkkəb məsələlərin də müzakirə oluna biləcəyini qeyd edib.

Qeyd edək ki, ürək transplantasiyasından sonra xarakter dəyişikliyi ilə bağlı fərdi hekayələr səsləndirilsə də, donorun şəxsiyyət xüsusiyyətlərinin ürəklə birlikdə resipiyentə ötürüldüyünü təsdiqləyən etibarlı elmi sübutlar yoxdur. Əməliyyatdan sonrakı psixoloji dəyişikliklər xəstənin sağlamlıq vəziyyəti, yaşadığı təcrübələr və qəbul etdiyi dərmanlarla da əlaqəli ola bilər.


Sizin reklam burada
Sizin reklam burada