Rusiyanın Moskva şəhərindəki Şeremetyevo hava limanında kütləvi gecikmələr və reyslərin ləğvi səbəbindən sərnişinlər saatlarla uçuşlarını gözləməli olublar. İrəvan, Bişkek və Astana da daxil olmaqla bir sıra beynəlxalq istiqamətlərə uçuşlar təxirə salınıb. Bəzi sərnişinlər 13 saatdan çoxdur hava limanında qaldıqlarını bildirirlər.
News365.az xəbər verir ki, bu barədə “Ostorojno, novosti” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Moskva aviasiya qovşağının hava limanlarında tətbiq edilən müvəqqəti məhdudiyyətlər uçuş cədvəlində ciddi pozuntulara səbəb olub. İrəvanla yanaşı, Bişkek, Astana, Dubay və Səmərqənd istiqamətlərindəki reyslər də gecikib.
Bişkekə uçmalı olan təyyarənin Moskva vaxtı ilə saat 01:30-da yola düşməsi planlaşdırılsa da, pilotsuz uçuş aparatlarının hücumu fonunda uçuş vaxtı dəfələrlə dəyişdirilib.
Almatıya uçan reysin sərnişinləri isə gecə saatlarında artıq təyyarəyə mindirildiklərini, lakin qısa müddət sonra terminala qayıtmalarının istənildiyini bildiriblər. Onların sözlərinə görə, daha sonra uzun müddət gözləmə zonasında saxlanılıblar və uçuş vaxtı dörd dəfə təxirə salınıb.
Sərnişinlər qeyd ediblər ki, MDB ölkələrinə səhər reyslərinin bəziləri həyata keçirilsə də, gecə uçuşlarını gözləyənlər aviaşirkət nümayəndələrindən kifayət qədər məlumat ala bilməmələrindən şikayətlənirlər.
Sərnişinlər yerdə yatmağa məcbur qalıblar
Şahidlərin sözlərinə görə, hava limanının gözləmə zallarında oturacaqların sayı sərnişinlər üçün kifayət etmir. Nəticədə, aralarında çoxlu uşaqların da olduğu insanlar yerdə yatmağa məcbur qalırlar.
Sərnişinlər ərzaq və su çatışmazlığından şikayətlənir, otellərdə yerləşdirilmək imkanının olmadığını bildirirlər. Gecə ərzində onlara 800 rubl dəyərində vauçerlər verilsə də, həmin vauçerlərin keçərli olduğu kafelərdə yeməyin tükəndiyi qeyd olunur.
“Aeroflot” uçuş cədvəlini bərpa etməyə çalışır
“Aeroflot” aviaşirkəti oktyabrın 17-də Moskva aviasiya qovşağının hava limanlarında tətbiq edilən müvəqqəti məhdudiyyətlərdən sonra yaranmış problemlərin nəticələrini aradan qaldırmaq və uçuş cədvəlini bərpa etmək üçün tədbirlər gördüyünü açıqlayıb.
Şirkətin məlumatına görə, Şeremetyevo hava limanında sərnişinlərə xidmət göstərən bölmələrin fəaliyyəti gücləndirilib, əlavə əməkdaşlar işə cəlb olunub. Biletlərin yenidən rəsmiləşdirilməsi və sərnişin axınının tənzimlənməsi istiqamətində də iş aparılır. Uçuşunu gözləyən sərnişinlərə qablaşdırılmış su və sendviçlər təklif olunur.
Ləğv edilmiş reyslərin sərnişinlərinə isə hava limanına gəlməmək tövsiyə edilib. Bildirilib ki, biletlərin geri qaytarılması və ya yenidən rəsmiləşdirilməsi məsafədən mümkündür. Biletləri vasitəçi agentliklərdən alan sərnişinlər müvafiq müraciətlərini həmin agentliklərə ünvanlamalıdırlar.
Reyslərin üçdə birindən çoxu ləğv edilib
MSK1.RU portalının məlumatına görə, Şeremetyevo hava limanının uçuş tablosunda əksər reyslərin yola düşmə vaxtı dəyişdirilib, uçuşların üçdə birindən çoxu isə ləğv olunub.
Oktyabrın 16-da Surquta uçmalı olan sərnişinlərdən biri bildirib ki, gecəni oteldə keçirdikdən sonra onun reysi oktyabrın 21-nə təxirə salınıb. Sərnişin uçuşunu gözlədiyi müddətdə qalan günlərdə harada qalacağını bilmədiyini deyib.