Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli Şəhəri Günü münasibətilə rayonun işğaldan azad edildikdən sonra keçdiyi inkişaf yolundan danışıb.
News365.az xəbər verir ki, deputat xatırladıb ki, 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndlər erməni işğalından azad edilib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad edildikdən sonra Füzuli şəhəri və ətraf kəndlər qısa müddətdə yenidənqurma mərhələsinə qədəm qoyub. Zəfərdən sonra Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Füzulini Qarabağın hava qapısına çevirib. İnfrastrukturun bərpası, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və yeni investisiyalar rayonun iqtisadi potensialının güclənməsinə təkan verib.
Deputat qeyd edib ki, Zəfərdən sonra Füzuli rayonunun iqtisadiyyatı 4 dəfə böyüyüb. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 2020-ci ildə 191 milyon 923 min manat olduğu halda, hazırda 800 milyon manata çatıb.
Sənaye sahəsində də əhəmiyyətli artım qeydə alınıb. 2020-ci ildə rayonda 18,2 milyon manatlıq sənaye məhsulu istehsal edildiyi halda, hazırda bu göstərici 50 milyon manata yaxınlaşıb.
Vüqar Bayramovun sözlərinə görə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində də inkişaf dinamikası davam edir. 2020-ci ildə rayonda 87 milyon 872 min manatlıq aqrar məhsul istehsal olunduğu halda, hazırda bu rəqəm 146 milyon 896 min manata yüksəlib.
Yenidənqurma layihələri tikinti sektorunda da ciddi artıma səbəb olub. Bu sahədə göstəricilər 8 dəfədən çox artaraq hazırda 550 milyon manatlıq həcmə çatıb.
Deputat vurğulayıb ki, işğal dövründə dağıdılmış və uzun müddət baxımsız qalmış Füzuli bu gün regionun əsas inkişaf mərkəzlərindən birinə çevrilir. Zəngəzur dəhlizinin başlanğıc nöqtələrindən biri kimi rayonun nəqliyyat və logistika imkanları da genişlənir. Bu, gələcəkdə yeni iqtisadi imkanların və iş yerlərinin yaradılmasına şərait yaradacaq.
Vüqar Bayramov bildirib ki, işğaldan azad edildikdən sonra yenidən qurulan Füzuli şəhərində hazırda 3 100-dən çox sakin daimi məskunlaşıb. Təsdiq edilmiş Baş Plana əsasən, 2040-cı ilədək şəhər əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur.
Deputatın fikrincə, həyata keçirilən bərpa və inkişaf layihələri nəticəsində Füzuli yaxın illərdə Qarabağın ən böyük və mühüm şəhərlərindən birinə çevriləcək.