Quru sərhədlər bağlı, amma ölkəyə giriş artır? Rəqəmlər sual doğurur

Quru sərhədlər bağlı, amma ölkəyə giriş artır? Rəqəmlər sual doğurur
10:50

2026-cı ilin ilk beş ayı üzrə açıqlanan rəsmi statistika göstərir ki, Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb. Bu isə turizm sektorunda ciddi geriləmənin baş verdiyini ortaya qoyur. Halbuki hökumət illərdir turizmi prioritet istiqamətlərdən biri kimi təqdim edir.

Maraqlı və eyni zamanda sual doğuran məqamlardan biri də ölkəyə gələn əcnəbilərin nəqliyyat bölgüsüdür. Rəsmi məlumata əsasən, gələnlərin 70 faizi hava nəqliyyatından, 28,5 faizi avtomobil və dəmir yolundan, 1,5 faizi isə dəniz yolu ilə istifadə edib.

Burada əsas diqqət çəkən məsələ quru sərhədlərlə bağlıdır. Çünki Azərbaycan vətəndaşları uzun müddətdir avtomobillə ölkədən sərbəst çıxış imkanından məhrumdurlar. Bu halda sual yaranır: sərhədlər bağlı olduğu halda, ölkəyə avtomobil yolu ilə gələn on minlərlə xarici vətəndaş kimlərdir?

Əgər söhbət əsasən yük maşını sürücülərindən gedirsə, onların turist statistikasına daxil edilməsi nə dərəcədə doğrudur? Beş ay ərzində təxminən 250 min nəfərin quru yolla ölkəyə daxil olması statistikanın şəffaflığı ilə bağlı əlavə suallar yaradır.

Digər tərəfdən, region ölkələrinin göstəriciləri tam fərqli mənzərə ortaya qoyur. Gürcüstanda turist axını illik müqayisədə təxminən 6 faiz, Ermənistanda isə 19 faizdən çox artıb. Azərbaycanda isə əksinə, azalma qeydə alınır.

Ekspertlərin fikrincə, quru sərhədlərin uzun müddət bağlı qalması turizm sektoruna ciddi zərbə vurur. Xüsusilə regionlardan gələn turistlərin sayının azalması hotellərdən tutmuş restoran və xidmət sektoruna qədər bir çox sahəyə mənfi təsir göstərir.

Turizm prioritet elan olunursa, o zaman bu geriləmənin səbəbləri açıq şəkildə araşdırılmalı və real həll yolları təqdim edilməlidir.


Sizin reklam burada
Sizin reklam burada