Türkiyə–İsrail-Azərbaycan üçbucağında NƏLƏR BAŞ VERİR? – ŞƏRH

Türkiyə–İsrail-Azərbaycan üçbucağında NƏLƏR BAŞ VERİR? – ŞƏRH
09:18

Son zamanlar Türkiyə mediasında və ictimaiyyətində aparılan anti-Azərbaycan təbliğatı, xüsusilə Bakının İsrail ilə münasibətləri ətrafında yaradılan dezinformasiyalar geniş müzakirələrə səbəb olur. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Haber Global" televiziya kanalına müsahibəsi bu təbliğata ən tutarlı və diplomatik cavab kimi qiymətləndirilir.


Məsələ ilə bağlı politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, bəzi Türkiyə media subyektlərində "Azərbaycan İsrailə neft və qaz satır", "Azərbaycana boykot" kimi çağırışların səsləndirilməsi iki ölkə arasındakı qardaşlıq münasibətlərini sarsıtmağa yönəlmiş destruktiv qüvvələrin işidir:

"Müəyyən mərkəzlərdən təlimat alan bu çevrələrin anlamadığı bir həqiqət var: Türkiyə–Azərbaycan münasibətləri düşündükləri qədər kövrək deyil. Eyni zamanda Azərbaycan kiminsə təsiri altında hərəkət edən 'çadır dövləti' deyil, kifayət qədər güclü diplomatiyaya malik müstəqil ölkədir."

Politoloq vurğulayıb ki, Türkiyə ictimaiyyətinə Bakının xarici siyasəti məqsədyönlü şəkildə yanlış təqdim olunur. Azərbaycanın İsrail, Rusiya, Çin və ABŞ kimi ölkələrlə strateji tərəfdaşlığı qarşılıqlı milli maraqlara söykənir. Lakin Türkiyə ilə münasibətlər təkcə maraqlara deyil, həm də ortaq tarixə, dilə və "Bir millət, iki dövlət" fəlsəfəsinə dayanır:

"Türkiyə mediasında iddia olunur ki, guya Ankara ilə Təl-Əviv arasında hərbi qarşıdurma yaransa, Bakı İsraili seçər. Bu tamamilə əsassızdır. Xatırlayaq ki, İsraildə 1915-ci il hadisələrinin 'erməni soyqırımı' kimi tanınması məsələsi gündəmə gələndə cənab Prezidentin tapşırığı ilə rəsmi Bakı intensiv diplomatik fəaliyyətə başladı və İsrail Azərbaycanın bu həssaslığını nəzərə aldı. Bu, Türkiyənin maraqlarının Bakı üçün 'qırmızı xətt' olduğunun sübutudur."

"TÜRKİYƏNİN OLMADIĞI MASADA AZƏRBAYCAN VAR"

Turan Rzayev Hikmət Hacıyevin müsahibəsində səsləndirdiyi mühüm mesajı xüsusi vurğulayıb:

"Hikmət Hacıyevin 'Türkiyənin olmadığı masada Azərbaycan var, Azərbaycanın olmadığı masada isə Türkiyə var' sözləri təsadüfi deyil. Bakı bu gün Ankaranın istəyi ilə Suriyada bərpa və quruculuq prosesində, eləcə də müxtəlif beynəlxalq platformalarda Türkiyənin maraqlarını fəal şəkildə müdafiə edir."

Açıklamasının sonunda politoloq qeyd edib ki, Fələstin və Qəzza məsələləri Bakı üçün də həssasdır, lakin heç bir regional proses Azərbaycan üçün Türkiyədən daha önəmli ola bilməz. Ankara da öz növbəsində iki ölkə arasındakı qardaşlığa zərbə vurmağa çalışan daxili və xarici qüvvələrə karşı daha sərt və prinsipial mövqe nümayiş etdirməlidir.


Sizin reklam burada
Sizin reklam burada