İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli geniş müsahibə
verib. Əvvəla, belə detallı müsahibəyə razılıq verməsi, geniş danışması
yaxşıdır, ümumiyyətlə, icarə qurumlarının nümayəndələri tez-tez açıqlama,
müsahibə verməsi müsbət haldır.
Orxan Nəzərli
müsahibəsində bir sıra məqamlara toxunub. Məsələn o, bildirib ki, hər bir vətəndaş öz iqtisadi
fəaliyyəti və imkanları çərçivəsində bu büdcənin formalaşmasına töhfə verir:
“Toplanan vəsait
isə yenidən cəmiyyətin ehtiyaclarına – səhiyyəyə, təhsilə, infrastruktur layihələrinə,
təhlükəsizliyə, müdafiəyə və digər mühüm istiqamətlərə yönəldilir. Eyni
zamanda, vergiyə yalnız ödənilən məbləğ və ya əlavə xərc kimi yanaşmaq düzgün
deyil. Vergi ödəmək Konstitusiyaya uyğun olaraq hər bir vətəndaşın vəzifəsi və
öhdəliyidir. Hesab edirəm ki, insanlar vergi ödəməklə təkcə dövlət qarşısındakı
öhdəliklərini yerinə yetirmirlər, həm də yaşadıqları ölkənin inkişafına öz töhfələrini
vermiş olurlar. Bu münasibətlər qarşılıqlıdır”.
Orxan Nəzərlinin
fikirlərinə münasibət bildirən iqtisadçı Natiq
Cəfərli deyib ki, Orxan müəllimin
tezis olaraq doğru yanaşması var:
“Amma ciddi
bir boşluq yaranır, bu haqda heç nə demirsiniz. Vergini tək məsuliyyət kimi
görürsünüz, məsuliyyət isə səlahiyyətsiz olmur. Vergi tarixən seçkiyə bağlıdır,
yəni, vətəndaşin məsuliyyəti vergi ödəməkdirsə, səlahiyyəti vergilərin necə xərclənməsinə
nəzarət etməkdir. Bizdə bu yol təktərəflidir – məsuliyyət var, səlahiyyət isə
yoxdur, və ya, çox azdır”.
Müsahibənin başqa
bir yerində deyilir ki, “vergi daxilolmalarının artımından danışarkən də qeyd
etdim ki, bu artım və Vergi Məcəlləsində həyata keçirilən dəyişikliklər vergi dərəcələrinin
yüksəldilməsi hesabına baş vermir. Dəyişikliklərin içərisində vergi dərəcələrinin
artırılması ilə bağlı hallara nəzər yetirsək, əsasən yalnız aksiz vergiləri ilə
bağlı dəyişiklikləri görə bilərik. Biznes çevrələri ilə görüşlər nəticəsində
500-ə yaxın təklif formalaşıb. Onlardan 180-i məqsədəuyğun hesab edilib. Bu o
deməkdir ki, müzakirələr nəticəsində həmin təkliflərin reallaşdırılması ilə
bağlı müəyyən qənaətə gəlinib. Məqsədəuyğun hesab edilən təkliflərin təxminən
yarısı artıq qanunvericilikdə öz əksini tapıb, digər hissəsi üzrə isə təhlillər
və müvafiq işlər davam etdirilir”.
Orxan müəllim,
vergi artımı tək aksizlərlə bağlı deyil, özəl sektorda əmək haqqı gəlirlərinə
3%, gələn il 5%, növbəti il üçün isə 7% vergi tədbiq olunur-olunacaq. Bunlar
vergi yükünün artması deyilmi?! Bundan başqa, ƏDV də dolayı vergidir, vətəndaş
ödəyir, maaşdan icbari ödənişlər var (DSMF, tibbi sığorta, işsizlik və s.) –
bunlar da vergi növüdür.
Gələk indi
Vergi Məcəlləsinə edilən dəyişiklilərə - son 6-7 ildə 2000-ə yaxın dəyişiklik
edilib, indi də 180 dəyişiklik ediləcək, başqa təkliflər də yoldadır. Hörmətli
Orxan müəllim, Məcəlləni bu qədər “dəlmə-deşik” etməkdənsə, yeni, sıfırdan,
biznes dostu Məcəllənin qəbulunu niyə istəmirsiniz, təklif etmirsiniz?! İndiki
Məcəllə “rəqəmsal iqtisadiyyat” dövründən öncə qəbul edilib, ruhu köhnədir, qəlizdir,
təzadlıdır. Sadə dildə, bir neçə səhifəlik yeni Vergi Məcəlləsi qəbul, sahələr
üzrə ancaq dövriyyədən vergi prinsipi tədbiq edilmılidir, ƏDV faizi çevik
olmalıdır, “daşlaşmış” 18% prinsipindən əl çəkmək lazımdır”.
News365.az