Çox vaxt valideynlər arasında belə bir yanlış təsəvvür var: uşağa həddindən artıq nəvaziş göstərmək, onu tez-tez öpmək və ya qucaqlamaq ərköyünləşməsinə gətirib çıxarır. Lakin uşaq psixologiyası və pedaqogikası tamam başqa reallıqdan xəbər verir. Bəs fiziki təmasdan imtina etmək uşağın gələcəyinə necə təsir edir? Yalnız "səni sevirəm" demək sağlam emosional inkişaf üçün kifayətdirmi?
Məsələ ilə bağlı News365.az-a açıqlama verən psixoloq və pedaqoq Zeynəb Əyyubova bildirib ki, uşağın psixoloji sağlamlığında emosional bağın rolu əvəzedilməzdirvə bu bağ yalnız verbal (sözlü) ünsiyyətlə tamamlanmır.
"Elmi araşdırmalar sübut edir ki, sevgi dolu fiziki təmas uşaqda stress hormonlarının səviyyəsini düşürür, özünəinamı artırır və emosional tənzimləmə bacarıqlarını inkişaf etdirir. Valideyn nəvazişi uşağı asla ərköyün etmir."
Valideynin uşağa söylədiyi "Səni sevirəm", "Yanındayam" kimi ifadələrin böyük önəmi olsa da, xüsusilə erkən uşaqlıq dövründə fiziki təmas bu sevgini tam dərk etməyə kömək edir. Çünki balacalar sevgini təkcə eşitmirlər, həm də hisslər vasitəsilə mənimsəyirlər.
Bununla yanaşı, mütəxəssis fərdi yanaşmanın da vacib olduğunu xatırladır:
"Hər uşağın təmasa ehtiyacı fərqlidir. Bəziləri fiziki təması tez qəbul edir, bəziləri isə daha həssas olur. Valideyn uşağın şəxsi sərhədlərinə hörmət etməli, onu məcbur etmədən, ehtiyac duyduğu qədər nəvaziş göstərməlidir."
Sağlam şəxsiyyətin formalaşması yalnız sevgi, təhlükəsizlik, ardıcıl tərbiyə və düzgün sərhədlər balanslı şəkildə qurulduqda mümkündür. Sevginizi həm sözlərinizlə, həm də səmimi qucaqlaşmalarınızla göstərməkdən çəkinməyin.