Quranı türk dilinə ilk dəfə Ağqoyunlu hökmdarı Uzun Həsən tərcümə etdirib. Bəzi məlumatlara görə bu tərcüməni Səfəvilər toplayıb yandırıb. Lakin orijinal nüsxəsinin İranın Məşhəd şəhərindəki İmam Rza muzeyində saxlanıldığı deyilir.
Xalqımızın Quran inancı və İslama inam forması ilk dəfə həmin kitabdan formalaşıb. Babalarımız İslamı qəbul edəndən sonra öz dillərində ilk tərcümə bu kitab olub.
Ona görə indiki tərcümələr cana hopmur,
xalqın təsəvvüründəki Quran obrazını canlandıra bilmir, düz gəlmir. Fərqli tərcümələr meydana gəlir, daha da ixtilafı artırır. Sanki fərqli Quranlar meydana çıxır. Çünki hərəsi daha fərqli Quran anlayışı, İslam obrazı təqdim edir. Hər tərcümə Allah, Peyğəmbər, İslam haqda bir-birindən tam fərqli obraz ortaya qoyur, fərqli təsəvvür yaradır.
Məhəmməd Həsən Mövlazadə Şəkəvinin dilimizə tərcümə-təfsiri də faydalı mənbə sayıla bilər. Amma mütərcimin üslubu və dövrə görə dili müasir dil qaydasından fərqlidir. Əski əlifbada çap olunub, lakin latın əlifbası ilə nəşri bildiyim qədər yoxdur. Eyni zamanda məhzəbçilik yönündən şərhlərin tərcüməyə qarışması ümumi İslam baxışından xarakterik deyil.
Z. Bünyadov və V. Məmmədəliyevin tərcüməsi kimi təqdim olunan, lakin əslində Tariyel Həsənovun müəllifi olduğu deyilən tərcümə isə hər yeni nəşrdə təhrif və əhəmiyyətli dərəcədə nöqsanlı düzəlişlərlə yayımlandığı üçün narahatlıq yaradır. Şübhəsiz ki, mütəxəssis gözü ilə oxunduqda orijinaldan deyil, hansısa tərcümədən tərcümə olunduğu da nəzərdən qaçmır. Sonradan edilən əlavələr isə həm tərcümə ənənəsini həm də ümumi ahəngi pozur.
Meşkini, Əlixan Musayev kimi müəlliflərin tərcüməsi də məzhəb subyektivliyindən xali deyil və Quran kəlimələrinin dilimizdəki qarşılığının düzgün tapılmaması yaxud seçilməməsi orijinal mənanın əks etdirilməsinin qarşını alır.
Nəriman Qasımovun tərcüməsini isə ciddi qəbul etmək yanlış olardı. Mənanın təhrifi ilə yanaşı üslubun, üsulun təhrifi, poetik dəsti-xəttə meyl tərcümədən çox müəllifin özünün xüsusi zövq və arzularını ifadə edir.
Hər zaman demişəm: Quran bir və ya bir neçə müəllif tərəfindən deyil, müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət komissiya tərəfindən tərcümə və ya təfsir olunmalıdır.
İlk dəfə Quran toplanarkən də konkret olaraq bir nəfərin yox əksər səhabələrin rəyi nəzərə alınıb, komissiya yaradılıb, tərtib olunub.
Tərcüməçilər içərisində məzhəbçilik təəssübkeşliyindən uzaq bir neçə ilahiyyatçı - alim olmalıdır. Bütün ilahiyyatçılar eyni zamanda dilçi deyil, dilçilər, şərqşünaslar da dinşünas deyil. Ona görə mütləq ayrıca dilçilərin iştirakı vacibdir. Fizika, anatomiya, biologiya, astronomiya, kimya, tarix, fəlsəfə kimi dünyəvi elm sahələrinin bilginlərinin olması da zəruridir. Çünki ərəbşünas olmaq, ilahiyyatçı olmaq bütün bu sadalanan elmlərə vaqif olmaq demək deyil.
Quranın tərcümə və təfsirini yalnız din adamlarına, ilahiyyatçılara yaxud dilçilərə həvalə etmək tamamilə naqis və yanlışdır. İndiyəcən mövcud olan ənənə bu cür davam etdiyi üçün Quranın doğru anlaşılması mövzusunda bu qədər ziddiyyətlər, mübahisəli fikirlər, tənqidlər, ixtilaflar meydana çıxır.
"Təkvir" surəsinin ikinci ayəsində "ulduzlar (Qiyamətdə) sönüb səpələnəcək" deyilir. Ancaq bəzi tərcümələrdə "yerə töküləcək" kimi verilmişdi. Yəni, mütərcim fizikanı, astronomiyanı bilmədiyi üçün anlamır ki, ulduz dediklərimiz yerdən qat - qat böyük planetlər, səma cismləridir. Armud deyil ki, yerə səpələnə. Amma tərcümə komissiya tərəfindən edilsə mütəxəssislər başa salacaqdı ki, milyardlarla ulduz yerə tökülə bilməz, kəlimə üzərində dəqiq düşünün.
Dəqiq düşündükdə isə məlum olacaqdı ki, "kədərat" kəliməsi sadəcə qaralmaq, sönmək, cismin fəaliyyətini dayandıraraq istiqamətini dəyişməsi mənasında işlənib.
Eyni surədə işlənən "kunnəs" və "xunnəs" kəlimələrinin ehtiva etdiyi məna birbaşa astronomiyaya aiddir və planetlərin orbitindən bəhs edir. Bunun əsl mahiyyətinin səhih ifadəsini ərəb dilçisi yaxud ilahiyyatçı necə dəqiqliyi ilə bilə bilər? Mütərcim bəyəm hərşeyşünasdır? Yoxsa peyğəmbərdir?
Demək bütün elm sahələrinin alim mütəxəssislərindən ibarət komissiya təşkil olunub tərcümə olunmasa Quranın bütün tərcümələri nasiq, natamamdır və təhrifdən savayı bir şey deyil.
Tural İrfan, ilahiyyatçı