"Ateizmin arxasında bəzən travmalar, bəzən təkəbbür dayanır"- İlahiyyatçı

"Ateizmin arxasında bəzən travmalar, bəzən təkəbbür dayanır"- İlahiyyatçı
12:32

  1. İnsanlar niyə ateist olur? Ümumiyyətlə bu düşüncə hardan formalaşır?

    Mövzu ilə bağlı İlahiyyatçı Ağa Hacıbəyli News365.az-a danışıb. 

"Ateizmin səbəbləri çoxdur, çoxqatlıdır. Bəzən əqli, bəzən duyğusal, bəzən ictimai, bəzən nəfsani, bəzən isə Qəlbə bağlı olan tərəfləri var. Yəni o qədər fərqli və müxtəlif səbəbləri mövcuddur ki, onları sadalamağa başlasaq, bir neçə maddə ilə sıralamaq olar. Amma hər halda bu günkü çərçivədən, dünya baxışından, dünyadakı ateist sistemini analiz etdikdə bir çox mühüm məqamlar ortaya çıxır.

Əvvəlcə ifadə edim ki, ateizm sadəcə bu günün məhsulu deyil. Tarixin dərinliklərindən, hətta babamız Adəmin evindən, belə desək, başlayıb. Maddiyyata tapınmaq, bütlərə inanmaq, Allahı tərk edib başqa ilahlar axtarmağa cəhd göstərmək tarixin qədim dövrlərindən mövcud olan hallardır.

"Bugünkü şəraitdə ateizmə yönələn yollar əsasən empirizmə üstünlük verənlər tərəfindən seçilir. Yəni hər şeyi təcrübə, əməliyyat və maddi müstəvidə dəyərləndirməyə çalışan şəxslər, dinin verdiyi cavabları qeyri-kafi və ya qeyri-ciddi hesab etdikləri üçün diqqətlərini fərqli dünya görüşlərinə yönəldirlər."

Digər tərəfdən, bu gün dünyada baş verən böyük zülmlər də təsirsiz deyil. Zalim ölkələrin tökdüyü qanlar, yandırdığı şəhərlər, viran qoyduğu ölkələr – bütün bu istibdad və ədalətsizliklər qarşısında “əgər Allah varsa, bu zülmə niyə dur demir?” sualı ortaya çıxır. Və bəziləri bu sualdan yola çıxaraq ateizmə yönəlirlər.

Ümumiyyətlə, ateist dünya görüşündə kainata baxış fərqlidir. Ateistlər metafizikaya inanmırlar. Məsələn, Quran həm maddi, həm də mənəvi yönlərə – o metafizik qatlara – diqqət çəkir. Amma ateizm düşüncəsində belə bir anlayış yoxdur. Onlar yalnız gözlə görülən və hiss olunan şeyləri qəbul edirlər. Halbuki elm özü də etiraf edir ki, bizim görmədiklərimiz, gördüklərimizdən daha çoxdur.

Əslində, ateizmin hər hansı bir bəndi üzərində dayanıb onu təhlil etsək, bu səbəblərin çox qısa müddətdə çürüdülə biləcək arqumentlərə əsaslandığını görərik. Amma siz soruşursunuz ki, insanlar niyə ora yönəlirlər?

Bu nöqtədə bir məsələni xüsusi qeyd etmək istərdim: emosional və psixoloji vəziyyət. Xüsusilə dindar ailələrdə bu hal daha çox müşahidə olunur. Belə ailələrdə valideynlər yeni tanış olduqları dünya görüşünü çox qısa müddətdə uşaqlarına ötürməyə çalışırlar. Lakin bu prosesdə pedaqoji və tərbiyə baxımından yetərsiz qalırlar. Təzyiqlər, basqılar, zorla oxutmalar nəticəsində valideynlə uşaq arasında ciddi bir sindrom yaşanır və uşaqlarda dinə və din adamlarına qarşı psixoloji bir travma yaranır. Bəzən atada hökmranlıq sindromu, anada isə soyuqluq müşahidə olunur. Bu kimi duyğular da insanı dini dünya görüşündən uzaqlaşdıraraq daha çox dünyəvi bir arenaya çəkib aparır.

Açığı, məsələnin mahiyyətini daha çox din adamlarının üzərində qurmaq istərdim. Ümumiyyətlə, din xadimlərinin təmsilçiliyindəki böyük qüsurlar və nöqsanlar burada önə çıxır. Onların elmi və biliyi yetərsizdir, yaşam tərzi və əxlaqi davranışları isə dini dəyərləri təbliğ etmək üçün kifayət etmir. Bütün bu amillərin içərisində məni ən çox düşündürən və din xadimlərini ən çox yaralayan məhz budur.

Əgər müsəlmanlar olaraq, yer üzündəki 8 milyard insanın təxminən 2 milyardını təşkil edən müsəlmanlar ailədə, cəmiyyətdə, təmsil olunduqları məkanlarda, müəssisələrdə bu böyük dinin həqiqətlərini daha düzgün, əxlaqa və mənəviyyata əsaslanaraq yaşasaydılar, inanın ki, hər yerdə bir çıraq yanardı, hər yerdə bir nur parlayardı. Çünki bir insanın oyandığı, dirildiyi an böyük bir hadisədir. İnsan böyük kainatın kiçik modelidir. Ona görə də bir din xadiminin qəlbən inanması, əməli və əxlaqi baxımdan dini dəyərlərə dərindən bağlı olması ətraf üçün ən güclü təbliğat vasitəsidir.

Ateizmə aparan yollardan biri də insanın nəfsi ilə bağlıdır. Şeytan insanın içindəki o qərargahdan – nəfsdən, eqodan istifadə edir. Bu sahədə insanlar təkəbbürlü olur, Allahın hökmranlığını qəbul etmirlər və özlərini sərbəst, azad görmək istəyirlər. Heç kimə və heç bir varlığa hesabat vermək istəmirlər. Belə bir azadlığı da ateizmdə tapdıqlarını düşünürlər. Çünki orada Allah anlayışı yoxdur və s.

Sonda bir bənd də əlavə etmək istərdim: elə ölkə və xalqlar var ki, orada ateizm və ya bütpərəstlik hökm sürür. Belə cəmiyyətlərdə böyüyən uşaqlar da ateizmi adi və normal bir dünya görüşü kimi qəbul edirlər. Bu maddələri daha da artırmaq və fərqli məqamlara toxunmaq mümkündür. Amma mənə elə gəlir ki, bugünkü ateizmin portretini çəkmək istəsək, sadaladığım bu bəndləri bir araya gətirmək kifayət edər."- deyə fikirlərini bildirib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada