Tibb personalının işə qəbulunda yeni dövr: Rəqəmsal sistem tətbiq olunur

Tibb personalının işə qəbulunda yeni dövr: Rəqəmsal sistem tətbiq olunur
10:55

Dövlət tibb müəssisələrində işləmək istəyən həkim və orta tibb işçiləri üçün işə qəbul prosesi tamamilə rəqəmsallaşdırılıb. Namizədlər Səhiyyə Nazirliyinin sehiyye.gov.az rəsmi internet saytında və ya kabinet.e-health.gov.az, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) www.tabib.gov.az rəsmi internet saytında “Karyera” bölməsinə keçid edərək öz ixtisaslarına uyğun olan vakansiyaları görə, izləyə və ya seçə bilərlər.

TƏBİB-in mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, namizədlərin müraciətlərini asanlaşdırmaq məqsədilə qurumun rəsmi internet saytında da “Tibb müəssisələrinə həkim və orta tibb işçilərinin işə qəbulu” adlı alt bölmə yaradılıb. Saytda yuxarı hissədə görünən “Karyera” bölməsinə keçid etməklə, qeyd olunan alt bölməyə daxil olaraq buradan vakant yerlərlə tanış ola bilərlər.

Namizədlər buradan “Müəssisə” bölməsindən müraciət etmək istədiyi tibb müəssisəsini, ”Vəzifə” bölməsindən isə tibb müəssisələrində həkim və orta tibb vəzifələri üzrə elan olunmuş vakansiyaları seçə bilərlər. Müraciət üçün “Müraciət et” düyməsini aktivləşdirmək yetərlidir.

“Bu zaman sistem sizi Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə yönləndirəcək və orada “Şəxsi kabinet” yaratmaqla, ilkin prosesə başlayacaqsınız. Yalnız bundan sonra siz uyğun vakansiyanı seçərək sənədlərinizi elektron şəkildə sistemə yükləyirsiniz və ərizəni təsdiqləyirsiniz. Bunun üçün sizə 15 iş günü vaxt verilir. Təqdim edilən sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, bu barədə namizədə bir iş günündən gec olmayaraq məlumat verilir. Namizəd həmin çatışmazlıqları ən geci 5 iş günü müddətində aradan qaldırmalıdır.

Sənədləriniz avtomatlaşdırılmış qaydada yoxlanılır. Bütün sənədlər qaydasındadırsa, müsahibəyə dəvət alırsınız.

Tibb müəssisələrinə işə qəbul olunmaq istəyən hər bir namizədin bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasının müəyyən edilməsi məqsədilə müsahibə keçirilir. Müsahibələr Komissiyanın iştirakı ilə aparılır. Uyğun namizəd seçildikdə nəticə şəxsi kabinetinizə və e-mail ünvanınıza göndərilir”, - deyə məlumatda bildirilir.



Sizin reklam burada
Sizin reklam burada