Son dövrlər aparılan kadr siyasəti hesabına
bir xeyli gənclər vəzifəyə gəlib. Bununla belə hələ də uzun illər vəzifə
başında qalan məmurlarımız var.
News365.az qocaman məmurlarımızın
siyahısını təqdim edir:
Yaqub Eyyubov
80 yaşlı Yaqub Eyyubov 1999-2003-cü illərdə Azərbaycan Respublikası
Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini icra edib. 2003-cü ildən
etibarən isə Y.Eyyubov Azərbaycan Respublikası Baş nazirinin birinci
müavinidir.
Məleykə Abbaszadə
Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə 30 ildən
artıqdır ki, vəzifə başındadır. O bir zamanlar Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədr əvəzi, sonra isə sədri olub. Sonradan adı dəyişdiriliən
quruma Məleykə Abbaszadə yenidən rəhbər təyin edilib. Məleykə Abbaszadənin
72 yaşı var.
Məzahir Pənahov
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 25 ildir vəzifə
başındadır. O 2000-ci ilin may ayından seçkiləri həyata keçirən quruma rəhbərlik
edir. 74 yaşlı Məzahir müəllim artıq 25 ildir eyni postda çalışır.
Kamran İmanov
Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov yaşlı məmurlardan
biridir. O 1995-2006-cı illərdə bu vəzifədə çalışıb. 2007-2008-ci illərdə
Nazirlər Kabineti yanında “İçərişəhər” Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəhbəri
olub. 2008-ci ildə yenidən Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə
qaytarılıb. Sonradan qurumun adı dəyişdirilərək Əqli Mülkiyyət Agentliyi
olub. Qeyd edək ki, Kamran İmanovun 79 yaşı var.
Adil Məmmədov
Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da 31 ildir
"icra başçısı" titulunu daşıyır. 73 yaşlı Adil Məmmədov 1994-2002-ci
illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar
rayonlarının icra başçısı olub. 26 aprel 2011-ci ildə isə Qobustan rayonunun
icra başçısı vəzifəsinə təyin edilib.
Novruz Novruzov
Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 1995-ci ildən vəzifə
başındadır. O, 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy,
2007-2019-cu illərdə isə Şabran rayonlarının icra başçısı olub. 5 aprel 2019-cu
ildən Siyəzən rayon İcra Hakimiyyətinə rəhbərlik edən Novruz Novruzovun 71 yaşı
var.
Malik İsaqov
Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı Malik İsaqov 24 ildir adıçəkilən
rayona rəhbərlik edir. O, 2001-ci ildə Qubadlının icra başçısı vəzifəsinə təyinat
alıb. Malik İsaqovun 72 yaşı var.
Vahid Novruzov
Respublika Auditorlar Palatasının sədri Vahid Novruzov 1950-ci il yanvarın 7-də
anadan olub. 1996-cı il aprelin 5-dən indiyə kimi Azərbaycan
Respublikası Auditorlar Palatasının sədri vəzifəsində işləyir. Vahid Novruzovun
hazırda 75 yaşı var.
İsa Həbibbəyli
AMEA-nın prezidenti İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə anadan olub. 76
yaşlı akademik 2022-ci ildən AMEA-nın prezidentidir.
Elman Rüstəmov
2022-ci ildə
bəri Baş nazirin müşaviri vəzifəsində çalışan Elman Rüstəmov 1952-ci ildə
anadan olub. Hazırda 73 yaşı olan Elman Rüstəmov 1995-2022-ci illərdə Mərkəzi
Bankın sədri vəzifəsini icra edib.
News365.az