“Hökumət
işıq, qaz və suyun qiymətini artırdı. Cəmiyyətdə həm də ictimai yük
daşıdığımdan, mən dərhal bu bahalaşmanın əsaslandırılması ilə maraqlandım.
Artımın səbəblərinə,
təbii qazın və elektrik qiymətinin artımına verilən əsaslandırmalara nəzər
saldım. Baxıram ki, SOCAR, Azərenerji, Azərişıq kimi təbii inhisarçılar müraciət
edib və Tarif Şurası onların xahişini yerinə yetirib.
Təbii qazın
qiymət artımı sadəcə "maya dəyərindən aşağı satılması" ilə izah
edilib.
Elektrik
enerjisinin qiymət artımı isə təbii qazın qiymət artımına bağlanıb, çünki ölkədə
elektrik enerjisi əsasən təbii qazla istehsal olunur. Vəssalam. Dairə qapandı.
Bu nəhənglikdə
qərar – cəmiyyətin bütün təbəqələrinin, kasıbın, orta təbəqənin, biznesin
maraqlarına toxunan bir dövlət tənzimlənməsi – heç bir ağlabatan izahat verilmədən
təqdim edilib.
Düşünürəm
ki, belə bir əsaslandırma bu miqyasda olan bir dövlət tənzimlənməsi üçün heç
bir halda yetərli deyil. Bu, şəffaflıqdan uzaq bir yanaşmadır. Həmişə elan
olunurdu ki, SOCAR-da, Azərenerji və Azərişıq-da ciddi optimallaşdırmalar
aparılır, innovasiyalar tətbiq olunur, təkmilləşmələr aparılır.
Amma maya dəyəri
yenə yüksək olaraq qalır.
Belə olan
halda cəmiyyətin də qazın maya dəyərinin necə hesablandığını və bu fərqin
kompensasiyası üçün hansı tədbirlərin görüldüyünü bilməsi məntiqli olardı.
Tarif Şurası və Antiinhisar Xidməti qiymət artımı tələb edən təbii
inhisarçılardan əlavə texniki və iqtisadi əsaslandırmalar tələb etməli və bu
haqda əhaliyə açıqlamalar verməlidir.
Təbii qazın
maya dəyərinin necə hesablanması, maya dəyərinin aşağı salınmasına yönəlik
texnoloji həllər və innovasiyalar haqqında ağlabatan açıqlamalar verilməlidir.
Əks halda,
qupquru "maya dəyərindən aşağı satılır" ifadəsi nə yetərli, nə də
ağlabatandır.
Cənablar,
indiki halda cəmiyyətə bu formada qiymət artımı qərarını təqdim etmək, yumşaq
desək, sayğısızlıqdır və qeyri-adekvat bir yanaşmadır.
Ola bilər
ki, həqiqətən də istehsal xərcləri və inflyasiyalarla bağlı qiymət artımı
qaçılmazdır.
Əgər belədirsə,
adı çəkilən təbii inhisarçıların və hökumətin yüzlərlə savadlı mütəxəssislətinin,
Tarif Şurasının bu artıma izahat verməsi, onu şəffaf və ağlabatan formada əsaslandırması
doğru olardı.
Osman Gündüz, İKT üzrə ekspert