TAP Adriatık dənizinin dibindən keçdiyi üçün adını bu dənizdən götürən Trans-Adriatik qaz boru kəməridir. O, həmçinin Cənub Qaz Dəhlizinin ən məşhur layihəsidir. Ona görə ki, Trans-Adriatik Boru Kəməri Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqli üzrə həyata keçirilən enerji layihələrinin kompleks dəyər zənciri olan Cənub Qaz Dəhlizinin Avropa qolu, yəni zəncirin sonuncu həlqəsidir. 
Bu isə Avropa ölkələrinin daha çox media, ictimai və dövlət qurumları tərəfindən bu kəmərin adının davamlı olaraq hallandırılmasına və kəmərin CQD-nin ən məhşur layihəsinə çevrilməsinə səbəb olmuşdur.
Tarixi
Layihənin tarixi üçüncü minilliyin əvvəlinə gedib çıxır. 2003-cü ildə İsveçrənin EGL Group (Axpo) enerji şirkəti Trans-Adriatik qaz kəməri layihəsini elan edib. Layihəyə dair texniki-iqtisadi əsaslandırma işləri 3 ilə yaxın davam edərək, 2006-cı ildə başa çatdırılmışdır. Həmin vaxt layihənin reallaşdırılması üçün iki variant nəzərdən keçirildi. Bunlardan biri Bolqarıstan, Makedoniya və Albaniyadan keçməklə Şimal marşrutu, digəri isə Yunanıstan və Albaniyadan keçməklə Cənub marşrutu idi. Lakin bunların heç biri Azərbaycanın təşəbbüsü olmadan reallaşa bilməzdi və bilmədi.
“Şahdəniz” konsorsiumu seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də bugünkü marşrut üzrə TAP kəmərini seçdiyini rəsmən açıqladı. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirildi. 
2019-cu ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanıldı və kəmərin Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasındakı 2 km-lik hissəsinə təbii qaz qəbul edildi. TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatdırıldı. Noyabrın 15-də kəmər İtaliyanın qazpaylayıcı şəbəkəsinə birləşdirildikdən sonra dekabrın 31-də Azərbaycandan Avropaya kommersiya məqsədli ilk qaz həcmlərinin nəqlinə başlanıldı.
Texniki-iqtisadi göstəriciləri
Boru kəmərinin diametri 48 düym, Adriatik dənizi boyunca isə diametri 36 düym təşkil edir.
TAP boru kəmərinin Yunanıstandan keçən hissəsindən iki qol, Yunanıstan Albaniya sərhədindən isə bir qol ayrılmışdır.
TAP-ın infrastrukturuna Yunanıstan və Albaniyanın hər birində 2 olmaqla 4 Kompressor stansiyası, 5 Təmizləyici tərtibatın buraxılma kamerası, 5 Təmizləyici tərtibatın qəbulu kamerası, 33 Bağlayıcı armatur stansiyası, 4 Qaz sərfini ölçmə stansiyası daxildir.
2014-cü ildə “Total” və “E.ON” şirkətləri layihəni tərk etdikdən və 2015-ci ilin dekabrında İtaliyanın “Snam” şirkəti “Statoil”un (indiki “Equinor”) layihədəki 20% payını aldıqdan sonra TAP-ın səhmdarlarının layihə üzrə hazırkı pay bölgüsü BP 20%, SOCAR (CQD) 20%, Snam S.p.A. 20%, Fluxys 9%, Enagas 16% və Axpo 5% olmaqla qərarlaşmışdır.
______________________________
Qeyd: Pay bölgüsü 01.01.2024-cü il üzrə olan göstəricidir. Tərəfdaşların və payların dəyişmə ehtimalı hər zaman vardır.
______________________________
Perspektiv: marşrutun və növün diversifikasiyası
CQBK və TANAP-la bağlı perspektivləri TAP haqqında da qeyd etmək olar. Lakin başlanğıcda qeyd edildiyi kimi, zəncirin sonuncu halqası olması TAP-a xüsusi status vermişdir.
2022-ci ilin əvvəlində başlayan Rusiya–Ukrayna münaqişəsi TAP-ı daha da önəmli layihəyə çevirdi. Buna görə də ard-arda Azərbaycan Respublikasının Prezidentinə müraciət axınları çoxalmağa başladı. Bütün bunların məntiqi nəticəsi olaraq, bu sektorda Yunanıstan, Albaniya və İtaliyadan sonra digər region ölkələri ilə əməkdaşlıq üst səviyyəyə yüksəldi.
2022-ci ildə Yunanıstan–Bolqarıstan İnterkonnektoru işə salındı. 2023-cü ilin aprel ayında Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalandı.
Müraciətlərin sayı artıqca Azərbaycana qaz ixracının coğrafiyasını əsaslı şəkildə genişləndirməyə imkan yarandı. İmza atılmış razılaşmalar çərçivəsində 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatının iki dəfə artırılması ilə bağlı layihə planları təsbit edildi. Bununla da, Azərbaycan qaz ixracının coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə qədər genişləndirmək kimi bir fürsət əldə etdi.
Əslində, Rusiya–Ukrayna münaqişəsi başlamazdan əvvəl TAP-ın genişləndirilməsinə dair planlar mövcud idi. Belə ki, 2021-ci ildə keçirilən bazar sınaqları çərçivəsində təkliflərin birinci mərhələsi başa çatdıqdan sonra 2026-cı ildən qüvvədə olacaq uzunmüddətli müqavilələr üzrə TAP-ın ötürmə gücünün ildə 1.2 milyard kubmetr genişləndirilməsi planlaşdırılmışdı.
Lakin yaranan münaqişə müraciətləri, müraciətlər isə prosesləri sürətləndirdi. Buna görə də bazar sınaq təkliflərinin ikinci mərhələsinin 2023-cü il ərzində həyata keçirilməsi və maraqlı tərəflərin təkliflərinin qəbul edilməsi nəzərdə tutuldu. Hədəf isə TAP-ın ötürücülük qabiliyyətini illik ən azı 20 milyard kubmetrə çatdırmaq idi. Bu ikidəfəlik artım olsa da, burada qeyri-mümkün heç nə yox idi. Buna görə də 2027-ci ilə qədər Avropa İttifaqını hər il ən azı 20 milyard kubmetr təbii qazla təmin etmək üçün TAP-ın ötürücük qabiliyyətinin genişləndirilməsinə dair hədəflər dəqiqləşdirildi. 
Ümumiyyətlə, 2024-cü ilin birinci rübünə olan son razılaşmaya əsasən Albaniya İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Gürcüstan, Türkiyə, Macarıstan və Serbiyadan sonra Azərbaycandan təbii qaz tədarük edən 9-cu ölkə olacaqdır. Lakin bu son deyildir. Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniya kimi bir sıra ölkələr Azərbaycan qazının potensial alıcılarıdır. 
Proseslər geniş aspekdən təhlil olunsa, görərik ki, bu da son deyil. Dəyişən dünyada ehtiyaclar və tələblər dəyişir. Qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi maraqlı tərəflərə əlavə ixrac imkanı yaradır. Odur ki, böyük həcmdə hidrogen və digər bərpa olunan qazların bu kəmərlə nəql olunması investorların diqqətindən qaça bilməzdi. 
Sirr deyil ki, hidrogen gələcəyin enerjisidir. Çünki yandırıldıqda əmələ gələn yeganə emissiya sudur. İstixana qazı yaratmadan elektrik enerjisi istehsal etmək üçün istifadə edilə bilir. Çəkisinə görə istənilən yanacaqdan daha çox enerji tutumuna, lakin həcminə görə daha az ölçüyə malikdir. Benzinlə müqayisə etməli olsaq, hidrogen enerji tutumuna görə benzindən təxminən üç dəfə çox, çəkisinə görə isə benzindən təxminən dörd dəfə azdır. Bu isə nisbi mənada benzindən 12 dəfəyə qədər bir üstünlük deməkdir. Odur ki, TAP-ın gələcəyində hidrogen nəqli imkanlarının investorların maraqlarının mərkəzində dayanma ehtimalı çox böyükdür.
Ümumiyyətlə, TAP-ın perspektivini CQD-in əsas perspektivi kimi də qəbul edə bilərik. Eyni zamanda, hidrogen nəqlinə Azərbaycandan başlanılması və ardıcıl kəmərlər seriyası ilə Avropaya çatdırılması perspektiv üçün real görünür.
Eldəniz Əmirov, iqtisadçı