Qərbin sülh yalanları

Qərbin sülh yalanları
12:57

Prezident İlham Əliyev: “Bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar”

 İkinci Qarabağ müharibəsindəki zərbədən Ermənistan nəticə çıxarmayıb. Azərbaycan hər zaman öz ordusu ilə Ermənistana o zərbənə yenə də endirə bilər. Çünki biz ikinci Qarabağ müharibəsində Ermənistanın nə dərəcədə zəif, gücsüz olduğunu gördük. Bunu yəqin Ermənistan dövləti unudub. Azərbaycan heç kimi bundan çəkindirə bilməz. Azərbaycan necə separatçılığın kökünü regionda kəsibsə, Ermənistana da yenə də o zərbəni vura bilə bilər. Prezident İlham Əliyev 13 mart 2025-ci ildə keçirilən XII Qlobal Bakı Forumunda çıxışında bildirib ki, bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. O, bu cür yanaşmanın həqiqətə uyğun olmadığını qeyd edib və Ermənistanın son illərdəki təxribatçı fəaliyyətlərini və Azərbaycana qarşı işğalçı siyasətini xatırladıb. Cənab İlham Əliyev, bəzi Qərb dövlətlərinin bu yanaşmasının obyektiv olmadığını və regiondakı vəziyyəti düzgün qiymətləndirmədiyini bildirib: “Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, - buradan cəmi 5-10 dəqiqəlik yoldur, - getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər. Onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o, qarın altında qalmışdı. Şuşanı azad etdiyimiz zaman o, şəhərə atılmışdı”. Bu bəyanatlar, Azərbaycanın Ermənistana qarşı ədalətli və haqq səsini çatdırmağa çalışdığı bir zamanda, beynəlxalq səviyyədə bəzi ölkələrin və təşkilatların bu məsələyə münasibətini tənqid etməklə, regionda sülh və sabitliyin bərqərar olmasının vacibliyini bir daha önə çəkir. Azərbaycanın mövqeyinə görə, Ermənistanın davranışları sülh təşəbbüsləri ilə deyil, əksinə, təxribat və gərginlik yaratmaqla bağlıdır. Belər bir məqamda Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmaması çox vacibdir. Bu haqda Prezident İlham Əliyev qəti öz fikrini bəyan edib. “Çünki onlar elə insan deyillər ki, inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk Qrupu buraxılsın. Bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk Qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin Qrupunun buraxılması üçün ümumi müraciətdə siz niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir?”, - deyə dövlətimizin başçısı bildirib. Məlumdur ki, Ermənistanın 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra, ölkənin Konstitusiyasına daxil edilən bəzi müddəalar və siyasi yanaşmalar, regionda gərginliyin artmasına səbəb olub. Xüsusilə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına dair keçmiş siyasəti və bu siyasətin hüquqi əsasları, regiondakı sabitliyi pozmuşdur.

Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət göstərilməsi, həmçinin, hər iki ölkə arasında münasibətlərin normallaşması və sülhün bərqərar olması üçün əsas şərtlərdən biri olmalıdır. Azərbaycan bu məsələdə ardıcıl olaraq Ermənistanın ərazi iddialarından əl çəkməsini və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə mübahisələrin həllini istəyir.

Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə hörmət və bu növ iddiaların rədd edilməsi, yalnız iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin təmin olunmasına böyük töhfə verə bilər. Bu, həmçinin regionda uzunmüddətli sülh və əməkdaşlığın təmin olunmasına imkan yaradacaq.

Hazırda Qərb dövlətləri, xüsusən Fransa, Ermənistana dəstək verərək münaqişəni yenidən gündəmə gətirir. Həmçinin anti-Azərbaycan kampaniyaları həyata keçirilir. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunda çıxışında Qərb dövlətlərinin Ermənistanı yenidən müharibə hazırladıqlarını da bildirib. Prezident, Qərbin bu cür addımlarının regionda sabitliyi təhdid etdiyini və müharibənin təkrarlanmasına səbəb ola biləcəyini qeyd edib. İlham Əliyev, bu vəziyyətin bölgədə gərginliyi daha da artıra biləcəyini və bu cür vəziyyətlərin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin məsuliyyətli yanaşmasını tələb etdiyini bildirib: “Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür.

Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur. Dəfələrlə bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi. Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım Nensi Pelosi və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar. Beləliklə, Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. Həmçinin, USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırıq. Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib. Əlimizdə olan bütün informasiyanı təqdim etməyə hazırıq”.

Ermənistanın yeni müharibəyə hazırlaşması məsələsi, son illər Cənubi Qafqazda gərginliyi artıran ən mühüm mövzulardan biridir. Prezident İlham Əliyev də öz çıxışlarında bu məsələni diqqətə çatdıraraq, Ermənistanın müharibə hazırlıqları apardığını və bunun regionda sabitliyi təhdid etdiyini vurğulayıb. Bu, xüsusilə 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra, Ermənistanın öz hərbi hazırlıqlarını davam etdirməsi və bəzi hallarda təxribatçı fəaliyyətlərə yol verməsi fonunda daha da aktuallaşıb.

Azərbaycan, Ermənistanın təxribatları və müharibə ritorikasına qarşı diqqətli olmağı və hər hansı bir hərbi qarşıdurmanın qarşısını almağı əsas prioritet kimi müəyyən edib. Ermənistanın hərbi hazırlıq səyləri, həmçinin Azərbaycanın sərhədlərində gərginliyin artmasına və təhlükəsizlik məsələlərinin daha ciddi şəkildə müzakirə edilməsinə səbəb olub. Bu cür vəziyyətin qarşısını almaq üçün diplomatik həll yollarının tapılması və beynəlxalq hüququn dəstəyi ilə tərəflər arasında sülhə yönələn ciddi addımların atılması mühüm əhəmiyyət daşıyır.

 

Kamal Paşa-zadə

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin

violonçel ixtisası üzrə müəllimi,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 


Sizin reklam burada
Sizin reklam burada