Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalardan biri dəqiqləşib.
Bu, Misli Premyer Liqasının XXVIII turunda rəsmiləşib.
“Qarabağ” xal sayını 67-yə yüksəltməklə ilk “üçlük”də yerini təmin edib. Mükafatçılar sırasında yeri rəsmiləşən Qurban Qurbanovun yetirmələri bununla da 2025/26 mövsümündə qitə arenasına çıxacaqlarını dəqiqləşdiriblər. “Qarabağ” tarixinin 19-cu mükafatını təmin edə bilib.
Komandanın hesabında 11 qızıl, 4 gümüş və 3 bürünc var. 12-ci çempionluğa doğru gedən Ağdam təmsilçisi 2-ci pillədən də 12 xal öndədir.
“Qarabağ”ın mükafat və avrokuboklara vəsiqəni təmin etməsi reqlamentdəki dəyişiklik sayəsində mümkün olub. Hazırda lider 4-cü pillədən 24 xal qabaqdadır.
Ötən mövsüm və daha öncə şəxsi görüşlər əsas götürülürdü. Həmin qayda ilə “Qarabağ” 4-cü yerdəki “Turan Tovuz” üçün əlçatmaz deyildi. Hətta qərblilər şəxsi oyunlarda üstündür.
Amma cari mövsümdən tətbiq edilən dəyişikliyə görə xallar bərabər olduqda qələbə sayı əsas götürülür. “Qarabağ” 4-cü yerdəki “Turan Tovuz”dan 10 qələbə artıq qazanıb. Bu o deməkdir ki, qərblilər nəzəri cəhətdən də çempionluq şansını itirib, Qurbanovun komandası isə “üçlüy”ü tərk etmək təhlükəsindən qaçıb.
Qeyd edək ki, 29-cu tur aprelin 5-7-də keçiriləcək.