UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" və "Nyukasl Yunayted" komandaları arasında baş tutacaq ilk oyunun hakimləri bəlli olub.
News365.az-ın məlumatına görə, bu qarşılaşmaya Norveç və Niderlanddan olan hakimlər briqadası təyinat alıb.
Oyunun baş hakimi funksiyasını Espen Eskas yerinə yetirəcək. Ona yan xətlərdə həmyerliləri Yan Erik Enqan və İsaak Elias Başevkin yardımçı olacaqlar.
Dördüncü hakim qismində Siqurd Krinqstad çıxış edəcək. Videoköməkçi hakim (VAR) otağında isə Rob Dieperink və Dennis Hiqler əyləşəcəklər.
Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl Yunayted"lə ilk dueli fevralın 18-də, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Tərəflər arasındakı cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə reallaşacaq.