İşə qəbulda müəllimlər üçün yeniliklər açıqlanıb

İşə qəbulda müəllimlər üçün yeniliklər açıqlanıb
16:00

Məlum olduğu kimi, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na edilən son dəyişikliklər müəllimlərin işə qəbulu prosesində iştirak edə biləcək ixtisasların çərçivəsini yenidən müəyyənləşdirib. 

Belə ki, artıq bakalavr səviyyəsində təhsil almış şəxslər üçün uyğun ixtisasların siyahısı təsdiqlənib. Artıq siyahıya daxil edilən bəzi qeyri-pedaqoji ixtisas sahibləri də müəllimlərin işə qəbulu müsabiqəsinə qatılmaq imkanı əldə edirlər. Bu isə o deməkdir ki, pedaqoji təhsili olmayan, lakin ali təhsilə malik mütəxəssislər də müəllim kimi fəaliyyət göstərmək şansı qazanırlar.

Yeni qaydanın pedaqoji sahəyə təsiri barədə təhsil eksperti Elçin Əfəndi bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bir çox qeyri-pedaqoji ixtisası bitirən şəxslər MİQ imtahanında iştirak hüququ əldə edirlər:

395658

“Lakin Elm və Təhsil Nazirliyi tərəfindən hər tədris ilinə uyğun olaraq ixtisaslar elan olunur və namizədlər yalnız həmin ixtisaslara uyğun şəkildə imtahanda iştirak edə bilirlər. Müsabiqə şərtlərini ödəyən şəxslər vakansiya mərhələsinə buraxılır. İşə qəbul olunan şəxslərlə sonradan müvafiq təlimlər keçirilir, onlara lazımi bilik və bacarıqlar aşılanır. Yalnız bundan sonra həmin şəxslər tədris prosesinə cəlb olunurlar. Yəni bu yanaşmanın mənfi tərəfini ciddi hesab etmirəm, çünki bu sahədə müsbət məqamlar kifayət qədər çoxdur”.


Sizin reklam burada
Sizin reklam burada