Ümumdünya Səhiyyə Təşkilatı-nın məlumatına görə, hər il dünyada təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyona yaxın insan bu xəstəlik səbəbindən həyatını itirir.
Mütəxəssislər bildirir ki, düzgün həyat tərzi seçimi ilə xərçəng hallarının 30–40%-nin qarşısını almaq mümkündür.
Tibbi onkoloq Ömer Fatih Ölmezə görə, xərçəng riskini azaltmaq üçün ilk növbədə siqaret və digər tütün məhsullarından uzaq durmaq vacibdir. Sağlam qidalanma — xüsusilə Aralıq dənizi pəhrizi — bədəni qoruyur, eyni zamanda ideal çəkinin saxlanılması və müntəzəm fiziki aktivlik mühüm rol oynayır. Həkimlər həftədə ən azı 150 dəqiqə hərəkəti tövsiyə edirlər ki, bu da immun sistemini gücləndirir və xəstəlik riskini azaldır.
Alkoqol istifadəsi də ciddi risk faktorudur. O, orqanizmdə asetaldehid adlı zərərli maddəyə çevrilərək DNT-yə ziyan vura və hüceyrələrin nəzarətsiz çoxalmasına səbəb ola bilər. Xüsusilə qaraciyər, ağız boşluğu, qida borusu, döş və yoğun bağırsaq xərçəngi ilə əlaqəsi var və istifadə artdıqca risk də yüksəlir.
Bundan əlavə, işlənmiş ət məhsullarından uzaq durmaq tövsiyə olunur. Kolbasa, sosis və digər emal olunmuş ətlərdəki nitrit və nitratlar orqanizmdə xərçəng yarada bilən maddələrə çevrilə bilər. Yüksək temperaturda bişirilmə isə bu riski daha da artırır.
Günəş şüalarına həddindən artıq məruz qalmaq dəri xərçənginin əsas səbəblərindən biridir. Xüsusilə saat 11:00–15:00 aralığında günəşdən uzaq durmaq, çölə çıxarkən isə qoruyucu krem istifadə etmək vacibdir.
Eyni zamanda, bəzi infeksiyalara qarşı peyvənd olunmaq da qoruyucu rol oynayır. HPV uşaqlıq boynu xərçəngi ilə, hepatit B və C virusları isə qaraciyər xərçəngi ilə əlaqələndirilir. Bu səbəbdən peyvəndlənmə xərçəngdən qorunmada təsirli vasitələrdən biri hesab olunur.