FIFA prezidenti Canni İnfantino İran milli komandasının 2026-cı ildə keçiriləcək dünya çempionatında mübarizə aparacağını bəyan edib.
News365.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu mühüm açıqlama ilə mətbuat nümayəndələri qarşısında çıxış edib.
"İran dünya çempionatında iştirak edəcək. Çox şadıq, çünki İran millisi olduqca güclü bir komandadır və buna görə mən də çox xoşbəxtəm. Kollektivi şəxsən gördüm, futbolçular və baş məşqçi ilə həmsöhbət oldum. Buna görə də hər şey tam qaydasındadır. Püşkatmanın nəticələrinə əsasən, matçlar nəzərdə tutulan məkanlarda oynanılacaq", - deyə İnfantino qeyd edib.
Xatırladaq ki, DÇ-2026 11 iyun - 19 iyul tarixləri aralığında ABŞ, Meksika və Kanadanın ortaq ev sahibliyi ilə təşkil olunacaq. Qeyd olunan mundialda İran yığması Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda qüvvəsini sınayacaq.