Bakı şəhərində sökülən tarixi qapının yeri müəyyənləşdirilib və köhnə ünvanına gətirilib.
News365.az-ın əldə etdiyi xəbərə görə, hazırda şüşə konstruksiya sökülür və tarixi qapının yenidən quraşdırılması üçün işlər aparılır.
Xatırladaq ki, paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən memarlıq abidəsinin (№ 3426 Siyahıda) tarixi qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilmişdi.
Daha sonra isə şüşə qapı üzərinə əvvəlki taxta qapının təsviri olan yapışqanlı örtük vurulmuşdu.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti faktı təsdiq etmiş və Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən sözügedən yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilərkən binanın birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verildiyi, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyinin aşkarlandığını bildirmişdi.
Qeyd edək ki, abidələr reyestrində sözügedən bina 1896-cı ilə aid "Yaşayış evi" kimi qeydə alınıb.