Təhsil eksperti Etibar Əliyev Bakı Dövlət Universitetində (BDU) rəhbər vəzifələrdə çalışan şəxslər və onların təhsil idarəçiliyindəki keçmiş fəaliyyəti ilə bağlı diqqətçəkən paylaşım edib.
News365.az xəbər verir ki, ekspert yazısını “Zamanın gərdişi” adlandıraraq “Bütün yollar BDU-ya aparır” başlığı ilə təqdim edib.
Etibar Əliyev paylaşımında Məleykə Abbaszadənin BDU-nun rektoru təyin olunmasından sonra universitetdə müxtəlif dövrlərdə rəhbər vəzifələrdə çalışmış şəxslərin fəaliyyətinə diqqət çəkib.
O xatırladıb ki, Məleykə Abbaszadənin DİM sədri olduğu dövrdə Misir Mərdanov BDU-nun rektoru, eyni zamanda 15 il Azərbaycanın təhsil naziri olub. Abel Məhərrəmov isə həmin dövrdə 20 il universitetə rəhbərlik edib.
Ekspert Emin Əmrullayevin təhsil və karyera yoluna da toxunub. Bildirib ki, Əmrullayev 1999-cu ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanında iştirak edərək Dövlət İdarəçilik Akademiyasına daxil olub. Həmin vaxt Misir Mərdanov təhsil naziri vəzifəsinə təyin edilmişdi.
Etibar Əliyev hazırda Misir Mərdanovun BDU-nun “Riyaziyyatın tədrisi metodikası”, Abel Məhərrəmovun isə “Üzvi kimya” kafedrasına rəhbərlik etdiyini vurğulayıb. Onun sözlərinə görə, hər iki şəxs bundan sonra Məleykə Abbaszadənin rəhbərliyi altında fəaliyyət göstərəcək.
Ekspert Emin Əmrullayevin də BDU Publik Hüquqi Şəxsinin Himayəçilər Şurasının sədri olduğunu diqqətə çatdırıb.
Paylaşımının sonunda Etibar Əliyev zaman anlayışına fəlsəfi yanaşaraq Müqəddəs Avqustinin “Tövbə” əsərindəki zamanla bağlı fikirlərinə istinad edib. O, Avqustinin keçmiş, gələcək və indiki zaman haqqında mülahizələrini xatırladaraq yazısını ritorik sualla yekunlaşdırıb:
“Mənim isə sualım budur: Görəsən, zamanın fəlsəfəsini hələ anlamayan nəvələr nə deyir?”
News365.az