Polşa Milli Müdafiə Nazirliyi 2025-ci ilin sonuna qədər bir neçə min, 2026-cı ildə isə təxminən 30 min insanın hərbi hazırlıq kurslarında iştirak etməsini planlaşdırır.
Bu barədə News365.az xəbər verir, məlumat “RMF FM” radiosuna istinadən verilib.
Yeni proqram çərçivəsində təlimlər 1 gündən 30 günə qədər davam edəcək. İştirakçılara mülki müdafiə və ya hərbi ixtisas üzrə seçim etmək imkanı veriləcək, həmçinin təlim müddətini və xidmət edəcəkləri hərbi hissəni özü müəyyən edə biləcəklər.
Təlimlərə pilotsuz uçuş aparatları, müxtəlif silahlardan istifadə və hərbi tibb kursları da daxil edilir. Kursu uğurla bitirənlər hərbi and içəcək və ehtiyatda olan hərbi qulluqçu statusu alacaqlar.
Proqramın məqsədi ölkədə hərbi hazırlıq səviyyəsini artırmaq və vətəndaşların müdafiə sahəsində bacarıqlarını inkişaf etdirməkdir.
News365.az