Həm rejimin, həm də xalqın ümid yeri olan Pezeşkian qurban da ola bilər. İrandakı prezident seçkilərindən çıxan nəticələr budur.
İslahatçıların təmsilçisi və milliyətəcə Azərbaycan türkü olan Məsud Pezeşkian prezident seçildi. Nəticə gözlənilən idi və bu da baş verdi.
İlk olaraq onu qeyd etmək lazımdır ki, İran rejimi vəziyyətin nə qədər mürəkkəb, çətin olduğundan proseslərin necə bitə biləcəyini görürdü və anlayırdı. Yaranmış durumdan çıxış yolları arayır. Amma bunu elə etmək istəyir ki, proses mümkün qədər İran rejimi üçün ağrısız keçsin.
-Birincisi, rejim anlayır ki, uzun müddət Qərbin İrana qarşı təcrid və sanksiya siyasəti altında yaşamaq qeyri-mümkündür. Tehranın yürütdüyü sərt əks dirəniş siyasəti isə effekt vermir, əksinə ölkəni daha ciddi siyasi-iqtisadi, dövlətçilik böhranlarına sürükləyir. Rəsmi Tehran etiraf etməsə də, dirəniş göstərmək üçün isə imkanlar sürətlə tükənirdi. Ona görə də bunu digər şəxslərin dili ilə gündəmə gətirdi. Sabiq prezident Həsən Ruhani bir müddət əvvəl açıqlamasında bəyan etdi ki, İran parlamentinin təkcə nüvə proqramı ilə bağlı qəbul etdiyi qanundan ölkə 300 milyard dollardan artıq ziyan çəkib.
Tehran öz proksi gücləri vasitəsi ilə regional güc olduğunu ortaya qoymaq planı da artıq getdikcə iflasa uğramaqdadır. Qlobal iqtisadi-maiyyə böhranı fonunda İranın iqtisadi-maliyyə imkanları da tükənməkdədir. Ölkənin iqtisadi-sosial sahəsində ciddi problemlər yaranıb və bu proses dərinləşməkdədir. Bu da daxili siyasətlə yanaşı, xarici siaysətə də ciddi mənfi təsirini göstərməkdədir.
-İkincisi, sərt siyasətin nəticəsi daxili siyasətdə də mənfi təsirlərə səbəb olur və bu da hakimiyyətin sürətlə dayaqlarının itirilməsi ilə nəticələnir.
Xarici təsirləri azaltmaq üçün insanlara qoyulan qadağalar, xüsusən də sosial şəbəkələrə çıxışlara qadağalar nəticə vermir. Rejim insanların sosial şəbəkələrə çıxışına nə qədər məhdudiyyətlər tətbiq etsə də, insanlar müxtəlif filtirlər vasitəsi ilə bu təcriddən çıxırdılar. Bu da nəitcə etibarı ilə mövcud rejimin həm iqtisadi, həm mənəvi, həm də dayaqlarının itirilmasəi baxımdan ziyanına işləyirdi.
-Üçüncüsü, artıq xalq rejimin yürütdüyü siyasətlə hesablaşmırdı. Buna açıq etiraz edirdi. Son illərdə baş verən etiraz dalağaları bunun bariz nümunəsidir.
Bütün bu və digər faktorlar İranda dəyişiklikləri zəruri edən amillərdir. Ona görə də Tehran yaranmış durumdan daha az ziyanla çıxmağa çalışır. Amma necə?... SSRİ-də olduğu kimi Qorbaçov "perestroykası" kimimi?..
Ona görə də Tehran rejimi əsasən Səid Cəlilinin və Məsud Pezeşkianın namizədliyi üzərində dayandı. Bu barədə hələ bir müddət əvvəl yazdığın bir yazıda qeyd etmişəm.
Təbii ki, rejim radikal baxışlı Mhəəmməd Baqir Qalibafdansa, daha çox loyal mühafizəkar Səid Cəlilinin prezident seçilməsinə çalışırdı. Amma bu plan da nəticə etibarı ilə baş tutmadı.
Cəlilinin prezident seçilə bilməməsinin səbəblərindən biri hakimiyyətdaxili savaş oldu. Radikal mühafizəkarlar Cəliliyə səs vermədilər.
İkincisi, xalq da rejimin simasında mühafizəkarların namizədiə dəstək vermədi. Sadəcə Tehran rejimi öz resurslarından dolayı vasitələrdən istifadə etməklə Cəlilinin seçilməsinə çalışırdı. Bu variant da daxili savaş nəticəsində uğur qazana bilmədi. Digər tərəfdən İran seçmənin ən böyük və aktiv hissəsi olan Azərbaycan türkləri və digər etniklər Cəliliyə səs vermədi.
Rejimdən canını qurtarmaq və onların 45 illik hakimiyyətindən cana doyan xalq isə çıxış yolu kimi islahatçıların namizədi Pezeşkiana səs verdi.
Qeyd etmək lazmdır ki, Pezeşkian namizədlər içərisində heç də güclü rəqib hesab edilmirdi. Məhz ona görə də onun seçkidə namizəd kimi iştirakına razılıq verilmişdi. Çünki Pezeşkian bundan öncə İranda keçirilən prezident seçkilərində iki dəfə iştirak edib və uğursuz namizəd kimi yadda qalıb. Yəqin ki, rejim də onun əvvəlkitək performans nümayiş etdirəcəyinə ümid edib seçkiyə getməsinə razılıq verib. Amma seçkidə tamamilə fərqli bir vəziyyət yarandı.
Pezeçkianın qələbəsini şərtləndirən üç əsas amillər aşağıdakılardır:
-Birincisi, xalqın hakim rejimin idarəetməsindən yorulması;
-İkincisi, Ruhanı hakimiyyəti dövründə islahatçıların xalqa müəyyən qədər azadlıq verməsi;
-Üçüncüsü islahatçıların nüvə proqramında əldə etdiyi uğurlar;
-Dördüncüsü Pezeşkianın insanlara internet azadlığı və hicab azadlığı verməsi vədi;
-Beşincisi iri şəhərlərdə, xüsusən də Tehran, Təbriz kimi şəhərlərdə islahatçılaırn böyük aktiv seçki elektoratına malik olması;
-Altıncısı onun Azərbaycan türkü olması oldu. Çoxluq təşkil edən türk seçicisi Pezeçkianın Azərbaycan türkü olduğu üçün seçkidə aktiv işitrak etdi.
İrandakı mühafizəkarların məğlubiyyətini, islahatçılaırn qələbəsini şərtləndirən amillərədn danışdıq.
Növbə artıq islahatçılarındır. İslahatçılar verdikləri vədlərə əməl edə biləcəklərmi?
Pezeçkian İranın üzləşdiyi təhlükələrdən xilas etmək üçün yumşaq keçidi təmin edə biləcək, ya yox?!..
Bu yumşalma siyasəti ilə İranı üzləşdiyi fəalkətlərdən, gözlənilən daxili və xarici təhdidlərdən, sanksiyalardan və tətbiq edilən digər təcridlərdən xilas edə biləcəkmi?
İranın xarici siyasətində istər qonşuları, istər Qərblə, istərsə də Yaxın Şərq ölkələri ilə münasibətlərində dəyişikliklərə nail ola biləcəkmi?
Odur ki, Pezeşkianın üzərinə çox ciddi vəzifələr düşür. O bunları yerinə yetirə biləcək ya yox, bu gələcəyin işidir. Amma seçkinin İran üçün əsas müsbət məqamı əhalidə sabaha müəyyən ümid yaratmasıdır. İnsanlarda sabaha ümidin olması indiki aralıq mərhələdə İran rejimi üçün çox həyati əhəmiyyət kəsb edən məsələdir. Təkcə xalq yox, həm də mövcud rejim Pezeçkiana bir xilaskar kimi baxır...
Son olaraq İrandakı seçkiləri belə dəyərləndirmək olar: Həm mövcud hakim rejimin, həm də xalqın ümid yeridir.
Ümid yeri olan Pezeşkian bu oyunun qurbanı da ola bilər və bu da istisna deyil. Müasir dünyamızda belə faktlar yetərincədir. Bir dalğa kimi kimdənsə vasitə kimi istifadə etmək.
Rəisini necə qurban verdilərsə, böyük oyunlar naminə Pezşekian da qurban verilə bilər.
Mürtəza Bünyatlı