Paşinyanın seçkilərdə qələbə şansı daha yüksək görünür - Politoloqdan AÇIQLAMA

Paşinyanın seçkilərdə qələbə şansı daha yüksək görünür - Politoloqdan AÇIQLAMA
15:20

Ermənistanda növbəti parlament seçkiləri ərəfəsində siyasi qüvvələrin reytinqləri və mümkün nəticələr müzakirə olunmağa davam edir.

Politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında seçkilərin mümkün ssenarilərini dəyərləndirib.

Onun sözlərinə görə, hazırda rəsmi sorğular olmasa da, müxtəlif qiymətləndirmələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə seçkilərdə təxminən 44 faiz səs toplaya bilər.

Politoloq bildirib ki, müxalif düşərgədə əsas fiqurlardan biri kimi adı hallanan Samvel Karapetyanın hüquqi məhdudiyyətləri var:

“Samvel Karapetyan təkcə Ermənistanın deyil, həm də Rusiya Federasiyasının vətəndaşıdır. Bu səbəbdən onun nə baş nazir, nə də deputat seçilmək hüququ var. Məhz buna görə də onun təmsil olunduğu siyasi düşərgədə ön plana digər şəxslər çıxarılır”.

Ekspert qeyd edib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi siyasi blokun 4-6 faiz aralığında səs toplamaq potensialı mövcuddur. Digər müxalif siyasi qüvvələrin də müəyyən elektorata malik olduğunu vurğulayan E. Alıoğlu seçkilərdə əsas mübarizənin hakimiyyətlə müxalifət arasında gedəcəyini bildirib.

“Əyalətlərdə Nikol Paşinyanın mövqelərinin daha güclü olduğu görünür. İrəvan və bəzi iri şəhərlərdə isə müxalifətin dəstəyinin daha yüksək olması ehtimal edilir. Hətta seçkilərin ikinci tura qalması ssenarisi də tam istisna edilmir. Bununla belə, hazırkı vəziyyətdə Paşinyanın qələbə şansı daha yüksək görünür”, – deyə politoloq vurğulayıb.

Onun fikrincə, əsas məsələ seçkilərin nəticəsindən çox, seçkilərdən sonrakı dövrdə ölkədə baş verəcək proseslərdir:

“Seçkilərdən sonra siyasi gərginliyin artması, qarşılıqlı ittihamlar və müxtəlif hüquqi proseslərin başlanması ehtimalı var. Bu amillər Ermənistan cəmiyyətində qarşıdurma meyllərini gücləndirə bilər”.

Azərbaycan-Ermənistan münasibətlərinə toxunan ekspert bildirib ki, rəsmi İrəvanın xarici siyasət kursunda ciddi dəyişiklik gözlənilmir:

“Ermənistanın Qərb qarşısında müəyyən öhdəlikləri mövcuddur. Buna görə də sülh gündəliyindən tamamilə imtina etməsi real görünmür. İrəvan bu istiqamətdə müəyyən addımlar atmağa məcburdur”.

Politoloq Rusiya-Ermənistan münasibətlərinə də diqqət çəkib:

“Maraqlı məqamlardan biri odur ki, Moskva ilə İrəvan arasında zaman-zaman gərginlik yaşansa da, bu proseslərin bəzən Paşinyanın daxili reytinqinə müsbət təsir göstərdiyi müşahidə olunur. Rusiya rəsmilərinin və ya Kremlə yaxın şəxslərin sərt bəyanatları Ermənistanda müəyyən seçici qruplarının Paşinyana dəstəyini artıra bilir”.


Sizin reklam burada
Sizin reklam burada